19
1 Kamalla yaşayan yoxsul insan
Şər danışan axmaqdan yaxşıdır.
2 Bilik yoxdursa, həvəs yaxşılıq edə bilməz.
Tələsən tərsə düşər.
3 İnsan öz səfehliyi ilə yolunu alt-üst edər,
Ürəyində isə Rəbbə hiddətlənər.
4 Var-dövlət dost artırar,
Kasıbı isə dostları atar.
5 Yalançı şahid cəzasız qalmaz,
Yalandan üzə duran qurtuluş tapmaz.
6 Çoxları nəcabətlinin üzünü görmək istər,
Səxavətli adamla çoxları dostluq edər.
7 Yoxsuldan qardaşının da zəhləsi gedər,
Dostları ondan lap uzaq gəzər,
Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz.
8 Anlayış qazanan öz canını sevər,
Dərrakəyə bağlanan uğur qazanar.
9 Yalançı şahid cəzasız qalmaz,
Yalandan üzə duran həlak olar.
10 Axmağa dəbdəbəli həyat yaraşmadığı kimi
Qulun ağalara hökm etməsi də yaraşmaz.
11 İnsanın ağlı hiddəti ləngidər,
Başqasının günahını bağışlamaq ona şərəf gətirər.
12 Padşahın qəzəbi aslan nərəsinə bənzər,
Razılığı çəmənə düşən şehə bənzər.
13 Axmaq oğul atasına bəla olar,
Davakar arvad kəsilməyən damcıya oxşar.
14 İnsana ev, var-dövlət atalardan miras qalar,
Ağıllı arvadı isə Rəbb nəsib edər.
15 Tənbəllik insana dərin yuxu gətirər,
Avaralıq insanı ac qoyar.
16 Əmrə əməl edən canını saxlar,
Yoluna baxmayan həlak olar.
17 Kasıba səxavət göstərən sanki Rəbbə borc verər,
Çünki onun əvəzi Rəbdən gələr.
18 Ümid varkən oğluna tərbiyə ver,
Ölümünə bais olma.
19 Kəmhövsələ insan cəriməyə düşər,
Onu qurtarsan belə, yenə də davam edər.
20 Nəsihətə qulaq as, tərbiyəni qəbul et,
Bunun nəticəsində hikmətli olarsan.
21 İnsanın qəlbində çox amalı var,
Amma Rəbbin niyyəti həyata keçər.
22 İnsan etibar arzular,
Yoxsul adam fırıldaqçıdan yaxşıdır.
23 Rəbb qorxusu insana həyat verər,
Ona şər yaxınlaşmaz, tox yatar.
24 Tənbəl əlini qabda olana batırar,
Ağzına belə, aparmaz.
25 Rişxəndçini döysən, cahil insan uzaqgörən olar,
Dərrakəlini danlasan, biliyini artırar.
26 Kim ki atasını soyub, anasını qovar,
Xəcalət gətirən övladdır, ad batırar.
27 Oğlum, bilik verən sözlərdən dönmək istəsən,
Tərbiyəyə qulaq asmaqdan vaz keç!
28 Yaramaz şahid ədalətə rişxənd edər,
Pislərin ağzı acgözlüklə şəri yeyər.
29 Rişxəndçilər üçün məhkəmə,
Axmaqların kürəyi üçün kötək hazırlanar.