22
Yaxşı ad böyük sərvətdən,
Lütfkarlıq isə qızıl-gümüşdən üstündür.
 
Zəngin və yoxsul insan bir şeydə bir-birinə bənzəyir –
Hər ikisini yaradan Rəbdir.
 
Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar,
Cahil isə irəli çıxar, ziyan tapar.
 
İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi
Sərvət, şərəf, həyatdır.
 
Əyri yol tikanlıdır, orada tələlər var,
Canını qoruyan bundan uzaqlaşar.
 
Uşağa tərbiyə ver ki, layiqli yol tutsun,
O qocalanda da bu yoldan dönməz.
 
Zəngin yoxsulun ağası olar,
Borclu adam borc verənə qul olar.
 
Haqsızlıq əkən şər biçər,
Onun qəzəbinin dəyənəyi məhv edilər.
 
Əliaçıq bərəkət qazanar,
Çünki çörəyindən kasıba paylar.
 
10 Rişxəndçi adamı qovsan, münaqişə qurtarar,
Çəkişmə, şərəfsizlik sona çatar.
 
11 Ürək təmizliyini sevən,
Dilindən lütfkar sözlər tökülən padşahın dostudur.
 
12 Rəbbin gözləri biliyi qoruyar,
Xainin sözlərini isə boşa çıxarar.
 
13 Tənbəl deyər: «Bayırda aslan var,
Küçəyə çıxsam, məni parçalar».
 
14 Əxlaqsız qadının ağzı dərin çuxura oxşar,
Rəbbin lənətinə gələn ora yıxılar.
 
15 Səfehlik uşağın qəlbindən yapışar,
Kötəklə tənbeh ediləndə bu ondan uzaqlaşar.
 
16 Varlanmaq üçün kasıba zülm edən,
Zəngin adama verən ehtiyaca düşər.
Hikmətlilərin sözləri
17 Qulağını aç, hikmətlilərin sözlərini eşit,
Ürəyini mənim biliyimə ver.
18 Onları sinənə doldursan,
Onların hamısını dilinə salsan, yaxşı olar.
19 Rəbbə güvənəsən deyə
Bu gün bunları sənə bildirirəm.
20 Sənə nəsihətlə, biliklə dolu əla məsəllər yazmamışammı?
21 Qoy bunlar haqq sözün həqiqətini sənə bildirsinlər ki,
Hara səni göndərsələr, düz məlumat gətirəsən.
 
22 Kasıbı fəqir olduğu üçün soyma,
Darvazada məzlumu zülmə salma.
23 Çünki onların münaqişəsinə Rəbb baxar,
Onları soyanları soyub-talayar.
 
24 Tez qəzəblənənə yoldaş olma,
Kəmhövsələ ilə yola çıxma.
25 Yoxsa onun yollarına alışarsan,
Canını tələyə salarsan.
 
26 Başqalarının borclarına zamin durmaqdan,
Belə işə əl atmaqdan çəkin.
27 Ödəməyə pulun olmasa,
Altından yatağını apararlar.
 
28 Ata-babalarından qalan
Qədim sərhəd daşının yerini dəyişmə.
 
29 İşində mahir olanı görürsənmi?
Sıravi adamların deyil, şahların hüzurunda dayanar.