24
1 Pis adamlara qibtə etmə,
Onlara qoşulmaq istəmə.
2 Çünki ürəklərində zalımlığı fikirləşər,
Dilləri qəddarlıqdan danışar.
3 Ev hikmətlə tikilər,
Dərrakə ilə möhkəmlənər.
4 Mənzillər bilik vasitəsilə,
Hər cür dəyərli, yaxşı şeylərlə dolar.
5 Hikmətli kişi qüvvətli olar,
Bilikli adam öz gücünü artırar.
6 Düzgün məsləhətlə müharibə edə bilərsən,
Doğru nəsihət verən çoxdursa, qələbəyə çatarsan.
7 Səfeh üçün hikmət əlçatmazdır,
Darvazada susub ağzını açmır.
8 Şər quran fitnəkar adlanar,
9 Səfehin pis əməlləri günah sayılar,
Rişxəndçilər insanlarda ikrah yaradar.
10 Dar gündə taqətdən düşsən,
Necə də zəif adamsan!
11 Ölümə aparılanları qurtar,
Qırğın təhlükəsi altında olanları geri çək.
12 Desən ki, bax bundan xəbərim yox idi,
Ürəkləri yoxlayan bunu görməzmi?
Canını qoruyan bunu bilməzmi?
İnsan əməlinə görə Ondan əvəz almazmı?
13 Oğlum, bal ye, xeyri var,
Şanı balının şirin dadı damağında qalar.
14 Bil ki, hikmət də canın üçün belə olar,
Onu tapsan, nəticəsi də var,
Ümidin boşa çıxmaz.
15 Ey şər insan, salehin yurdu üçün pusqu qurma,
Onun evini soyma.
16 Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar,
Şər insan büdrəsə, bəlaya düçar olar.
17 Düşməninin yıxılmasına sevinmə,
Onun büdrəməsinə görə ürəyin fərəhlənməsin.
18 Yoxsa Rəbb görər, bundan xoşu gəlməz,
Düşmənin üzərindən qəzəbini götürər.
19 Pislik edənlərə görə qəzəblənmə,
Şər insanlara qibtə etmə,
20 Çünki pis insanın axırı yoxdur,
Şər adamın çırağı sönər.
21 Oğlum, Rəbdən və padşahdan qorx,
Xəyanətkarlarla yoldaş olmaqdan çəkin.
22 Onların bəlası qəfildən gəlir.
Hər ikisinin verəcəyi cəzanı kim bilir?
Hikmətli sözlərin davamı
23 Bu sözləri də hikmətlilər deyib:
Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.
24 Pis insana «sən salehsən» deyəni xalqlar qınayar,
Ümmətlər lənət yağdırar.
25 Amma onu danlayanlar xeyir tapar,
Başlarından bol bərəkət yağar.
26 İnsana doğru cavab verən
Sanki onun üzündən öpər.
27 Əvvəlcə çöldəki işini qurtar,
Zəmi sal, sonra evini tik.
28 Qonşunun əleyhinə haqsız şahidlik etmə,
Qoy dilindən yalan söz çıxmasın.
29 Demə: «Mənə etdiyini mən də ona edəcəyəm,
Onun əməlinin əvəzini verəcəyəm».
30 Tənbəlin zəmisindən,
Qanmazın üzümlüyündən keçdim.
31 Gördüm hər yanı tikan basıb,
Gicitkən bürüyüb, daşı-divarı uçub.
32 Baxaraq ona diqqət yetirdim,
Bundan ibrət götürdüm:
33 *Sül. 6:10-11 Bir az da uzanıb yuxuya dalsan,
Əl-qolunu uzadaraq yatsan,
34 Yoxsulluq üstünə soyğunçu kimi,
Ehtiyac üstünə quldur kimi hücum çəkər.