27
*Yaq. 4:13-14 Sabahkı gününlə öyünmə,
Günün nə doğacağını bilməzsən.
 
Qoy səni özün yox, başqaları tərifləsin,
Sənə tərifi öz dilin yox, yad söyləsin.
 
Daşın, qumun çəkisi ağırdır,
Səfehin əsib-coşması bunların ikisindən də ağırdır.
 
Hiddət amansızdır, qəzəbsə aşıb-daşar,
Paxıllıq daha betərdir, ona necə dözmək olar?
 
Aşkar irad gizli məhəbbətdən üstündür.
 
Dostun vurduğu yara onun sədaqətinə görədir,
Amma düşmən öpdükcə öpər.
 
Toxun könlü şanı balını belə, rədd edər,
Lakin ac olana acı şeylər belə, şirin gələr.
 
Yurdundan ayrı düşən insan
Bir quş kimi yuvasından ayrı düşür.
 
Gözəl ətir və buxurun ürəyə verdiyi ləzzət kimi
Dostun nəsihəti də insana xoş gələr.
 
10 Həm öz dostunu, həm də atanın dostunu tərk etmə,
Dara düşəndə qardaşının evinə getmə.
Yaxın qonşu uzaq qohumdan yaxşıdır.
 
11 Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin,
Onda məni utandırana cavab verə bilərəm.
 
12 Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar,
Cahil isə irəli çıxar, ziyan tapar.
 
13 Özgəyə zamin duranın libasını al,
Onu qərib qadın üçün girov saxla.
 
14 Kim ki qonşusunu sübh erkən ucadan salamlar,
O zaman salamı söyüş sayılar.
 
15 Davakar qadın yağışda daman damcıya oxşar.
16 Onu yel kimi dayandırmaq olmaz,
Zeytun yağı kimi ovucda saxlamaq olmaz.
 
17 Dəmir dəmiri itilər,
İnsan insanın ağlını iti edər.
 
18 Əncir becərən barını yeyər,
Ağasının qayğısına qalan şərəfləndirilər.
 
19 Sifətin əksi suyun üzünə düşdüyü kimi
İnsanın ürəyi də onu elə göstərər.
 
20 Ölüm və Həlak yeri doymadığı kimi
İnsanın da gözü doymaz.
 
21 İsti kürədə qızıl-gümüş yoxlanar,
İnsan da başqalarının tərifi ilə tanınar.
 
22 Buğdanı həvəngdəstədə döysən, kəpəyi çıxar,
Amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz.
 
23 Sürünə yaxşı bax, naxırına nəzər yetir,
24 Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.
25 Saman yığılandan sonra təzə ot bitəndə,
Dağlarda ot biçiləndə
26 Quzuların səni geyindirər,
Təkələrini satıb tarla ala bilərsən.
27 Keçilər sənə yemək üçün o qədər süd verər ki,
Bu, evin azuqəsinə, kənizlərinin dolanışığına çatar.
 

*27:1 Yaq. 4:13-14