ZƏBUR
GİRİŞ
«Zəbur» Müqəddəs Kitabın mədh və dualar toplusudur. Bu mədh və dualar uzun illərin məhsulu olub müxtəlif müəlliflər tərəfindən musiqi üstündə yazılmışdır. Hər fəsil ayrılıqda məzmur, yəni ruhani nəğmə adlanır. İsrail xalqı dini ibadətlərində məzmurlardan geniş istifadə edirdi.
Bu mədh və dualar poetik üslubda yazılmışdır. Onlar məzmunca müxtəlifdir: Allaha mədh ilahiləri, kömək, müdafiə, qurtuluş üçün dualar, bağışlanma yalvarışları, Allaha minnətdarlıq məzmurları, tövbə duaları və s. «Zəbur» Kitabında insan duyğuları bütün dolğunluğu ilə təsvir edilir. Kitabın ümumi ideyası budur ki, insan hansı vəziyyətə düşürsə-düşsün, Allah onunladır. Burada həyat həqiqəti və Allahın məhəbbəti sarsılmaz imanla bağlanır. Elə bir insan yoxdur ki, «Zəbur» Kitabını oxuyub orada öz duyğularının əksini tapmasın.
Bu kitab İsa Məsihə iman edənlərin cəmiyyətlərinin yaranmasından bəri istifadə etdikləri ruhani xəzinələrdən biridir.
Rus və bəzi tərcümələrdə məzmurların əksəriyyəti qədim yunan tərcüməsinə əsaslandığından sıra sayı fərqlidir. Əlinizdəki tərcümədə isə onların sıra sayı əsl ibrani mətnində, ingilis və başqa Avropa dillərində olan tərcümələrdə istifadə olunan sıra sayına uyğundur. İbrani mətni ilə qədim yunan tərcüməsində olan sıra sayının fərqi belədir:
İbrani mətni (qədim yunan tərcüməsi): 1-8(1-8), 9-10(9), 11-113(10-112), 114-115(113), 116(114-115), 117-146(116-145), 147(146-147), 148-150(148-150)
Kitabın məzmunu:
«Zəbur» Kitabı ənənəvi olaraq 5 hissəyə bölünür:
1. 1-41-ci məzmurlar
2. 42-72-ci məzmurlar
3. 73-89-cu məzmurlar
4. 90-106-cı məzmurlar
5. 107-150-ci məzmurlar
Birinci hissə
1
1-41-ci məzmurlar
Məzmur 1
1 Pislərin məsləhəti ilə getməyən,
Günahkarların yolunda dayanmayan,
Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
2 O ancaq Rəbbin Qanunundan zövq alar,
Gecə-gündüz bu təlimatı dərin düşünər.
3 *Yer. 17:8 Axar sular kənarında əkilən ağac kimi
Barını mövsümündə verər,
Yarpağı solmaz,
Etdiyi hər işdə uğur qazanar.
4 Pis adamlarsa belə deyil,
Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
5 Buna görə pis adamlar hökm günündə,
Günahkarlar salehlərin məclisində dayana bilməz.
6 Çünki Rəbb salehlərin yolunu bilər,
Pislərin yolu isə məhv olar.