20
Məzmur 20
Musiqi rəhbəri üçün. Davudun məzmuru.
Dar gündə Rəbb sənə cavab versin,
Yaqubun Allahının ismi səni hifz etsin!
Müqəddəs məskənindən köməyinə çatsın,
Siondan sənə dayaq olsun!
Bütün təqdimlərindən razı qalsın,
Yandırma qurbanların qəbul olunsun!
Sela
O səni ürəyinin istəyinə çatdırsın,
Hər bir niyyətini yerinə yetirsin!
Biz sənin zəfərlərinə mədh oxuyarıq,
Allahımız naminə bayraqlarımızı qaldırarıq!
Rəbb səni hər bir diləyinə çatdırsın!
 
İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər,
Müqəddəs səmasından ona cavab göndərər,
Sağ əlinin qüdrəti onu qalib edər.
Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür,
Bizsə Allahımız Rəbbin adı ilə öyünürük.
Onlar büdrəyəcəklər, yıxılacaqlar,
Bizsə qalxıb dik duracağıq.
Ya Rəbb, Sən padşaha zəfər ver,
Səni çağırarkən bizə cavab ver.