32
Məzmur 32
Davudun maskili.*Maskil – bir musiqi və yaxud ədəbi termin.
1 *Rom. 4:7-8 Üsyankarlığı bağışlanan,
Günahı əfv olunan insan
Nə bəxtiyardır!
2 Rəbb tərəfindən təqsirkar sayılmayan,
Qəlbində hiylə olmayan insan
Nə bəxtiyardır!
3 Etiraf etməyəndə
Bütün gün nalə çəkməkdən
Sümüklərim taqətdən düşdü.
4 Əlin üzərimdə gecə-gündüz ağırlaşdı,
Sanki yayın quraqlığı məni taqətdən saldı.
Sela
5 *2Şam. 12:13 Sonra Sənə günahımı etiraf etdim,
Təqsirlərimi gizlətmədim.
Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm».
Təqsirimi, günahımı bağışladın.
Sela
6 Buna görə hər bir mömin
Səni tapan zaman Sənə dua etsin.
Azğın sellər daşsa da,
Möminə toxunmaz.
7 Sığınacaq yerim Sənsən,
Məni dardan hifz edirsən.
Zəfər harayı ilə
Ətrafımda dövr edirsən.
Sela
8 Dedin: «Sənə təlim verəcəyəm,
Gedəcəyin yolu öyrədəcəyəm.
Nəsihət verəcəyəm,
Gözüm sənin üstündə olacaq.
9 At yaxud qatır kimi
Şüursuz olmayın.
Cilov, yüyən vurulmasa,
Onlar idarə edilə bilməz».
10 Pislərin başına çox bəla gələr,
Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər.
11 Ey salehlər, fərəhlənin,
Rəbbə görə sevinin!
Ey ürəyidüz olanlar,
Onu mədh edin!