34
Məzmur 34
Davudun məzmuru.
*1Şam. 21:13-15 O, Avimelekin önündə özünü dəli kimi göstərib qovulanda.
Hər zaman Rəbbə alqış edəcəyəm,
Ona daim mənim dilim həmd edəcək.
Rəblə könlüm fəxr edir,
Ey məzlumlar, eşidib sevinin!
Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq,
Rəbbin ismini birgə ucaldaq.
 
Rəbbə üz tutdum, O mənə cavab verdi,
O hər bir dəhşətdən məni xilas etdi.
Rəbbə baxan nur saçar,
Üzü qızarmaz.
Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi,
Bütün əzablarımdan məni xilas etdi.
Rəbdən qorxanları Onun mələyi müdafiə edər,
Onlara zəfər verər.
 
*1Pet. 2:3 Dadın, görün Rəbb nə qədər şirindir,
Nə bəxtiyardır Ona pənah gətirənlər!
Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun,
Ondan qorxan heç nəyə möhtac qalmaz.
10 Gənc aslanlar ac-yalavac qaldılar,
Lakin Rəbbi axtaranlar
Heç bir yaxşı şeydən korluq çəkməzlər.
 
11 Gəlin, ey övladlar, məni dinləyin,
Rəbb qorxusunu sizə öyrədim:
12 *1Pet. 3:10-12 Kim həyatdan kam almaq istəyirsə,
Uzun ömür sürüb xoş gün görmək istəyirsə,
13 Qoy dilini şərdən,
Ağzını fırıldaq üçün işlətməkdən qorusun,
14 Qoy şərdən çəkinib yaxşılıq etsin,
Sülhü axtarıb ardınca getsin!
 
15 Rəbbin gözü salehlərin üzərindədir,
Qulaqları onların fəryadlarına açıqdır.
16 Rəbbin üzü şər iş görənlərə qarşıdır,
Yer üzündə onlardan nişanə qoymayacaq.
17 Salehlər fəryad çəkəndə Rəbb eşidir,
Onları bütün əzablarından azad edir.
18 Rəbb qəlbisınıqlara yaxındır,
O, ruhən əzilmişləri qurtarır.
19 Salehlər çox bəlaya düçar olar,
Lakin Rəbb onları hər birindən qurtarır.
20 *Yəh. 19:36 Rəbb onların hər bir sümüyünü qoruyur,
Heç biri zədələnməz.
21 Pislər öz şəri ilə məhv olacaq,
Salehə nifrət edən məhkum olacaq.
22 Rəbb qullarının canını azad edir,
Rəbbə pənah gətirən məhkum olmur.

*^ 1Şam. 21:13-15

*34:8 1Pet. 2:3

*34:12 1Pet. 3:10-12

*34:20 Yəh. 19:36