43
Məzmur 43
Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdən
Məni haqlı çıxart,
Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar.
Çünki Sən pənah gətirdiyim Allahsan.
Niyə məni atmısan?
Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?
Göndər Öz nurunu, həqiqətini,
Qoy yolunu mənə göstərsinlər,
Müqəddəs dağına, məskənlərinə
Qoy məni aparsınlar.
Onda Allahın qurbangahına,
Sevincim, fərəhim olan Allahımın yanına gedərəm.
Lira çalıb Sənə şükür edərəm,
Ey Allah, mənim Allahım.
 
Mənim qəlbim, niyə qırılmısan?
Axı niyə bu köksümdə təlaşlanırsan?
Ümidini yenə Allaha bağla,
Qoy Allahıma – məni qurtarana şükür edim.