52
Məzmur 52
Musiqi rəhbəri üçün. Davudun maskili.
*1Şam. 22:9-10 Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə
Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər?
Sonsuzdur Allahın məhəbbəti.
Ey hiyləgər, dilin insanı məhv edir,
İti ülgüc kimi kəsir.
Yaxşılıqdan çox yamanı,
Doğru sözdən çox yalanı sevirsən.
Sela
Ey hiyləgər dilli,
Məhvedici sözləri çox sevirsən!
 
Allah səni əbədilik qıracaq,
Yaxandan yapışaraq evindən çölə atacaq,
Dirilər arasından kökünü qoparacaq.
Sela
Salehlər buna baxıb qorxacaqlar,
Gülə-gülə belə deyəcəklər:
«Bu adam Allaha pənah gətirmədi,
Öz bol sərvətinə güvəndi,
Başqalarını məhv edərək gücləndi».
 
Amma mən Allahın evində
Yaşıl zeytun ağacına bənzərəm,
Daima, əbədilik
Allahın məhəbbətinə güvənirəm.
Sənin gördüyün işlərə görə daim şükür edirəm,
Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!

*^ 1Şam. 22:9-10