54
Məzmur 54
Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili.
* 1Şam. 23:19; 26:1 Ziflilər Şaulun yanına gəlib «yəqin ki Davud bizim aramızda gizlənib» deyəndə.
Ey Allah, isminlə məni qurtar,
Qüvvənlə mənə bəraət ver.
Ey Allah, mənim duamı dinlə,
Dilimdən çıxan sözlərə qulaq as.
Yadellilər əleyhimə qalxıblar,
Zalımlar canımı almaq üçün məni axtarırlar,
Heç Allaha baxmırlar.
Sela
 
Budur, Allah mənə kömək edir,
Xudavənd ömrümə dayaq olur.
O bu şəri düşmənlərimə tərəf döndərəcək.
Mənim sadiq Allahım, düşmənləri yox et!
Sənə könüllü qurban kəsəcəyəm,
Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!
Məni hər darlıqdan xilas etdin,
Gözüm düşmənlərimin məhvini gördü.

*^ 1Şam. 23:19; 26:1