61
Məzmur 61
Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru.
Ey Allah, fəryadımı eşit,
Duamı dinlə.
Düşkünlük qəlbimi alıb,
Mən dünyanın ucqarından Səni çağırıram.
Sən məni əlçatmaz bir qayaya apar.
 
Çünki Sən mənim pənahgahımsan,
Düşmənə qarşı möhkəm qülləsən.
Qoy sonsuzadək çadırında yaşayım,
Qanadlarının altında pənah tapım.
Sela
Sən, ey Allah, etdiyim əhdi eşitdin,
Adından qorxanlara təyin etdiyin payı mənə verdin.
 
Sən ömür ver, qoy padşahın yaşasın,
İlləri nəsillərdən-nəsillərə qədər uzansın.
Allahın hüzurunda daim taxtda otursun,
Məhəbbət və sədaqət ver, onu qorusun.
Mənsə adını həmişə tərənnüm edəcəyəm,
Hər gün əhd etdiyim təqdimləri verəcəyəm!