65
Məzmur 65
Musiqi rəhbəri üçün. Davudun məzmuru.
Bir ilahi.
Ey Allah, Səni Sionda həmdlər gözləyir,
Sənə edilən əhd yerinə yetiriləcək.
Ey duaları eşidən,
Bütün bəşər hüzuruna gələcək.
Mən günaha batmışdım,
Lakin Sən üsyankarlığımızı kəffarə edirsən.
Nə bəxtiyardır evinin həyətlərində yaşayan,
Seçib Özünə yaxın etdiyin insan!
Biz Sənin evinin, müqəddəs məbədinin
Nemətləri ilə doyacağıq!
 
Sən ey qurtuluşumuzun Allahı,
Zəhmli işlərinlə ədalətini göstərirsən,
Bizə cavab verirsən.
Sən yer üzünün bütün ucqarlarının,
Ən uzaq dənizlərin belə, ümidisən.
Sən qüdrətə bürünmüsən,
Qüvvətinlə dağları möhkəmlətmisən.
Dənizlərin uğultusunu,
Dalğaların gurultusunu,
Ümmətlərin çaxnaşmasını
Yatıran Sənsən.
Dünyanın ucqarlarında yaşayanlar
Sənin əlamətlərinə mat qalırlar.
Gündoğandan günbatanadək bütün insanlar
Sənə mədh oxuyurlar.
 
Yer üzünün qayğısına qalıb su verirsən,
Onu çox məhsuldar edirsən.
Ey Allah, çayın su ilə doludur,
Torpağı taxıl üçün hazır edirsən.
10 Torpağın şırımlarını sulayırsan,
Aralarını bərkidirsən,
Gur yağışla torpağını yumşaldırsan,
Məhsuluna bərəkət verirsən.
11 Yaxşılıqlarınla tac qoyursan,
Yollarından yağ damır,
12 Çöl otlaqlarına tökülür,
Təpələr sevincə bürünür.
13 Çəmənlərin sürülərlə dolur,
Dərələrini taxıl bürüyür.
Onlar cuşa gəlib tərənnüm söyləyir!