67
Məzmur 67
Musiqi rəhbəri üçün simli alətlərin müşayiəti ilə oxunan məzmur.
Bir ilahi.
Lütf edib, ey Allah, bizə xeyir-dua ver,
Üzün üstümüzə nur saçsın.
Sela
Qoy yer üzündə Sənin yolun,
Bütün millətlər arasında qurtuluşun tanınsın.
 
Ey Allah, Sənə xalqlar şükür etsin,
Qoy Sənə bütün xalqlar şükür etsin.
Qoy ümmətlər sevinclə Səni mədh etsin,
Çünki xalqlara insafla hökm edirsən,
Yer üzündəki ümmətlərə yol göstərirsən.
Sela
Ey Allah, Sənə xalqlar şükür etsin,
Qoy Sənə bütün xalqlar şükür etsin.
 
Yer üzü bəhrəsini verib,
Allah, bizim Allahımız bizə bərəkət verib.
Allah bizə xeyir-dua verib.
Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun!