85
Məzmur 85
Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru.
Ya Rəbb, ölkədən razı qaldın,
Yaqub nəslini bəxtəvər günlərə qaytardın.
Xalqının təqsirlərini bağışladın,
Bütün günahlarını əfv etdin.
Sela
Sən bütün hirsini uddun,
Qızğın qəzəbini yatırdın.
 
Ey bizi qurtaran Allah,
Bizə bəxtəvər günlərimizi qaytar.
Bizə qarşı hiddətindən əl çək.
Əbədilikmi bizə acığın tutacaq?
Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq?
Xalqın Səndən sevinc alsın deyə
Bizi yenə dirçəltməyəcəksənmi?
Ya Rəbb, bizə məhəbbətini göstər,
Bizi xilas et.
 
Rəbb Allah nə söyləsə, dinləyirəm.
Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki,
Onlar öz cəhalətlərinə dönməsinlər.
Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün,
Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!
 
10 Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq,
Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
11 Həqiqət yerdə bitib-göyərəcək,
Ədalət göylərdən baxacaq.
12 Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək,
Torpağımız bol məhsul verəcək.
13 Ədalət Rəbbin önündə addımlayar,
Qədəmləri üçün cığır salar.