87
Məzmur 87
Qorah övladlarının məzmuru.
Bir ilahi.
1 Müqəddəs dağlar
Rəbbin şəhərinin təməlidir,
2 Yaqubun bütün məskənlərindən çox
Sionun darvazaları Ona əzizdir.
3 Ey Allahın şəhəri,
Haqqında bu şanlı sözləri deyirlər:
Sela
4 «Məni tanıyanların içindən
Rahavın,*Rahav – Misirin rəmzi. Babilin adını çəkəcəyəm.
Həm də Filişt, Sur, Kuş barədə
Deyiləcək: “Bunlar da bu yerdə doğulub”.
5 Bəli, Sion barədə deyiləcək:
“Onların hamısı bu yerdə doğulub,
Haqq-Taala buranı sarsılmaz edəcək”.
6 Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq:
“Bunlar bu yerdə doğulub”.
Sela
7 Oxuyanlar, rəqs edənlər belə deyəcəklər:
“Səndə mənim üçün hər cür çeşmə var”».