98
Məzmur 98
Məzmur.
*Zəb. 33:3; Yeş. 42:10; Vəhy 5:9-10 Rəbbə yeni bir ilahi oxuyun,
Çünki O, xariqələr yaratdı.
O, sağ əli ilə,
Öz müqəddəs qolu ilə zəfərlər qazandı.
Rəbb zəfərini bəyan etdi,
Millətlərin gözündə salehliyini aydın göstərdi.
İsrail nəslinə
Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı.
Yer üzünün qurtaracağınadək hər yerdə
Allahımızın zəfərini gördü.
 
Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et,
Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!
Rəbbi lira ilə –
Lira ilə, ilahi bir səslə tərənnüm edin!
Kərənay, şeypur səsi ilə,
Padşah olan Rəbbin hüzurunda cuşa gəlin,
Ona nida edin!
 
Qoy dənizin və dənizdəki canlıların,
Yer üzü və orada yaşayanların səsi ucalsın.
Onun hüzurunda qoy çaylar əl çalsın,
Dağlar birgə mədh oxusun!
Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir.
Yer üzünə ədalətlə,
Xalqlara insafla hökm edəcək!

*98:1 Zəb. 33:3; Yeş. 42:10; Vəhy 5:9-10