126
Məzmur 126
Ziyarət nəğməsi.
Rəbb Siona bəxtəvər günlərini qaytaranda
Bizə röya kimi gəldi.
Dodaqlarımızdan gülüş tökülürdü,
Dilimizdən sevinc harayı yüksəlirdi.
Millətlər öz aralarında belə deyirdi:
«Rəbb onlar üçün böyük işlər görüb».
Bunun üçün sevinirik,
Çünki Rəbb bizim üçün böyük işlər görüb.
 
Selləri Negevə qaytardığın kimi,
Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.
Göz yaşı ilə əkənlər
Sevinc harayı çəkərək biçəcək.
Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən
Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.