3
Yatağımda bütün gecə
Könlümün sevgilisini axtardım,
Axtardım, amma tapa bilmədim.
Dedim: «Qoy könlümün sevgilisini axtarım,
Durub şəhəri dolaşım,
Küçələrdə, meydanlarda axtarım».
Axtardım, amma tapa bilmədim.
Şəhər asayişini qoruyanlar məni tapdı,
Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?»
Onlardan ayrılanda könlümün sevgilisini tapdım,
Tutub onu buraxmadım.
Onu anamın evinə –
Məni doğan qadının otağına apardım.
 
Ey Yerusəlimdəki qızlar, sizi and verirəm
Dişi ceyranlara, çöldəki marallara!
Bizi bu sevgidən oyatmayın, ayıltmayın,
Qoy könül istəyənəcən qalsın.
 
Səhradan keçən,
Tüstü sütunları kimi gələn,
Tacirlərin ətirli bitkiləri içərisində
Mirra və kündür ətri verən kimdir?
Budur Süleymanın taxt-rəvanı!
Ətrafını İsrail igidlərindən altmışı bürüyüb.
Onların hamısı qılınc daşıyır,
Mahir döyüşçüdür,
Hər biri qılıncını belinə bağlayıb,
Təhlükəli gecələr üçün hazırlanıb.
Taxt-rəvanını padşah Süleyman
Livanın ağaclarından düzəltdirib.
10 Sütunları gümüşdən, söykənəcəyi qızıldan,
Oturacağı tünd qırmızı qumaşdan düzəltdirib,
Yerusəlim qızları bu qumaşa zövqlə naxış vurub.
11 Ey Sion qızları, çıxın,
Padşah Süleymana baxın!
O, toy günündə, ürəkdən sevindiyi gündə
Başına anasının verdiyi tacı qoyub!