PAULUN
TİTƏ MƏKTUBU
GİRİŞ
Tit Paulun vəzi ilə İsa Məsihi qəbul edən bir yunan gənc idi (1:4). O, Paula müjdəçilik işində köməkçi olmuşdu. Paul gənc köməkçisini Krit adasındakı imanlı cəmiyyətində nəzarətçi kimi xidmət etməyə təyin etmişdi. Bu məktub da ona kömək məqsədi ilə ünvanlanıb. Bu məktubda üç əsas məsələyə toxunulur.
Birinci, Paul bir çox Kritlilərin xasiyyətini nəzərə alaraq Titin yadına salır ki, imanlı cəmiyyətinin rəhbəri necə olmalıdır. Sonra o, cəmiyyətdə imanlıların müxtəlif qruplarını – yaşlı kişiləri və qadınları, gəncləri və qulları necə öyrətmək barədə məsləhətlər verir.
Məktubun sonunda Paul Titə məsihçi davranışına aid öyüdlər verir və xüsusən, sülhsevər və dost münasibətində olmağı, nifrətdən, mübahisələrdən və cəmiyyətdə fikir ayrılığından uzaq durmağı məsləhət görür.
Kitabın məzmunu:
1:1-4 Salamlar
1:5-16 Titin Kritdəki vəzifəsi
2:1–3:11 Sağlam təlim və davranış
3:12-15 Xahişlər və xudahafizləşmə
1
1 Allahın qulu və İsa Məsihin həvarisi, mən Pauldan salam! Allahın seçdiyi insanların iman edib möminliyə uyğun olan həqiqəti dərk etmələri üçün təyin olundum. 2 Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdi. 3 Xilaskarımız Allah Öz əmrinə görə mənə əmanət edilmiş vəzlə kəlamını vaxtında aşkar etdi. 4 *2Kor. 8:23; Qal. 2:3; 2Tim. 4:10Ümumi imana görə mənə əsl oğul olan Titə Ata Allahdan və Xilaskarımız Məsih İsadan lütf*Lütf – bəzi əlyazmalarda lütf, mərhəmət. və sülh olsun!
Titin Kritdəki vəzifəsi
5 Tamamlanmamış işləri sahmana salasan və sənə tapşırdığım kimi hər şəhərdə cəmiyyət ağsaqqalları təyin edəsən deyə səni Kritdə saxladım. 6 *1Tim. 3:2-7Ağsaqqal seçilən şəxs nöqsansız və tək arvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı, mənəviyyatsızlıqda ittiham olunan yaxud itaətsiz olmamalıdır. 7 Çünki cəmiyyət nəzarətçisi Allahın iş idarəçisi olduğuna görə nöqsansız olmalıdır. Dikbaş, hirsli, şərab düşkünü, zorakı, haqsız qazanca həris olmamalı, 8 əksinə qonaqpərvər, yaxşılığı sevən, ağıllı-kamallı, saleh, müqəddəs, nəfsinə hakim olmalıdır. 9 Həm başqalarına sağlam təlimlə nəsihət verməyə, həm də ona qarşı çıxanları təkzib etməyə qadir olsun deyə aldığı təlimə uyğun olan etibarlı kəlamı bərk tutmalıdır.
10 Çünki, xüsusilə, sünnət tərəfdarları arasında bir çox itaətsiz, boşboğaz və saxtakar insanlar var. 11 Onları sakitləşdirmək lazımdır. Çünki onlar haqsız qazanc əldə etmək üçün lazımsız şeyləri öyrədərək bəzi ailələri tamamilə alt-üst edirlər. 12 Onlardan biri – öz peyğəmbərlərindən biri belə demişdir: «Kritlilər daima yalançı, azğın heyvan, tənbəl qarınquludur». 13 Bu şəhadət etibarlıdır. Ona görə də onları sərt bir şəkildə məzəmmət et ki, imanları sağlam olsun, 14 Yəhudi əfsanələrinə və həqiqətdən dönən insanların əmrlərinə qulaq asmasınlar. 15 Paklar üçün hər şey pakdır, ləkəli imansızlar üçünsə pak heç bir şey yoxdur. Amma onların həm düşüncəsi, həm də vicdanı ləkələnmişdir. 16 Onlar Allahı tanıdıqlarını iqrar edirlər, amma əməlləri ilə bunu inkar edirlər. İyrənc və itaətsizdirlər, heç bir yaxşı iş görməyə yaramazlar.