2
Üçüncü görüntü: ölçü ipi
1 Mən başımı qaldırıb baxdım və əlində ölçü ipi olan bir adam gördüm. 2 «Hara gedirsən?» deyib soruşdum. O mənə dedi: «Yerusəlimi ölçməyə, en və uzunluğunun nə qədər olduğunu öyrənməyə gedirəm». 3 Mənimlə danışan mələk yanımdan çıxanda başqa bir mələk onu qarşılamağa gəldi 4 və ona dedi:
«Qaç, o cavana söylə ki, içində adamlar
Və heyvanlar çox olduğu üçün
Yerusəlim divarsız bir şəhər olacaq.
5 “Mən Özüm onun ətrafında odlu divara çevriləcəyəm,
Onun içində izzət olacağam” bəyan edir Rəbb».
6 «Haydı, haydı! Şimal ölkəsindən qaçın» deyir Rəbb,
«Çünki sizi göydə dörd tərəfə əsən
Külək kimi dağıtmışdım» deyir Rəbb.
7 «Haydı! Ey Sion, sən ki Babil şəhərində yaşayırsan, qaçıb qurtar!»
8 Çünki Ordular Rəbbi deyir ki,
İzzəti üçün sizi qarət etmiş millətlərin yanına Məni göndərdi.
Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.
9 Mən o millətlərə qarşı əlimi qaldıracağam,
Əsarətlərində olanlar onları qarət edəcək.
Onda biləcəksiniz ki,
Məni Ordular Rəbbi göndərmişdir.
10 «Şadlıq edib sevin, ey Sion qızı!
Çünki aranızda yaşamağa gəlirəm» bəyan edir Rəbb.
11 «O gün çoxlu millətlər Rəbbə bağlanacaq,
Mənim xalqım olacaq.
O zaman aranızda yaşayacağam.
Siz biləcəksiniz ki,
Məni yanınıza Ordular Rəbbi göndərib.
12 Rəbb müqəddəs torpaqda
Yəhudanı Öz payı olaraq mülk alacaq,
Yenə Yerusəlimi seçəcək.
13 Ey bütün bəşər, Rəbbin önündə susun!
Çünki O Öz müqəddəs məskənindən qalxıb gəlir!»