7
Ədalətin ibadətdən üstünlüyü
1 Padşah Daranın hakimiyyətinin dördüncü ilində, doqquzuncu ay olan Kislev ayının dördüncü günü Zəkəriyyəyə Rəbbin sözü nazil oldu. 2 O vaxt Bet-El əhalisi Sar-Eseri, Reqem-Meleki və onun adamlarını Rəbbin hüzuruna yalvarmağa göndərdi ki, 3 Ordular Rəbbinin evində olan kahinlərlə peyğəmbərlərdən «İllərlə etdiyimiz kimi beşinci ayda yenə də oruc tutub ağlayaqmı?» deyə soruşsunlar.
4 Onda mənə Ordular Rəbbinin bu sözü nazil oldu:
5 «Bütün ölkə xalqına və kahinlərə söylə:
“Yetmiş il ərzində beşinci və yeddinci aylarda
Oruc tutub yas saxladığınız zaman
Mənim üçünmü oruc tuturdunuz?
6 Yeyib-içdiyiniz zaman
Özünüz üçün yeyib-içmirdinizmi?”
7 Yerusəlim əmin-amanlıq içində yaşayarkən, ətrafındakı şəhərlər, Negev və yamaclı-düzənlikli bölgədə insanlar sakin olarkən Rəbb indi dediyi bu sözləri əvvəlki peyğəmbərlər vasitəsilə söyləməmişdimi?»
8 Zəkəriyyəyə Rəbbin bu sözü nazil oldu:
9 «Ordular Rəbbi belə deyir:
“Düzgün və ədalətlə mühakimə edin.
Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin.
10 Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin.
Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər tutmayın”.
11 Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını bağladı. 12 Ordular Rəbbinin Öz Ruhu ilə əvvəlki peyğəmbərlər vasitəsilə göndərdiyi qanunu və nəsihətləri eşitməmək üçün ürəklərini almaz kimi sərtləşdirdilər. Buna görə də Ordular Rəbbi onlara çox qəzəbləndi. 13 Ordular Rəbbi deyir: “İndi ki Mən onları çağıranda qulaq asmadılar, onlar da çağıranda Mən qulaq asmayacağam. 14 Onları qasırğa kimi tanımadıqları millətlərin arasına səpələdim. Arxada qoyduqları torpaq elə viran qaldı ki, oraya gedib-gələn olmadı. Gözəl torpaq xaraba qaldı”».