Məbədin tikilməsi
3
(1Pad. 6:1-38)
1 Süleyman Yerusəlimdə atası Davuda Rəbbin göründüyü Moriya dağında, Yevuslu Ornanın xırmanında Davudun hazırladığı yerdə Rəbbin məbədini tikməyə başladı.
2 Onu padşahlığının dördüncü ilində, ikinci ayın ikinci günündə tikməyə başladı.
3 Allahın məbədinin tikilməsi üçün Süleymanın qoyduğu bünövrələr bunlardır: bünövrələrin uzunluğu köhnə ölçüyə görə altmış qulac və eni iyirmi qulac idi.
4 Məbədin önündəki eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və hündürlüyü yüz iyirmi qulac idi. Onu içəridən xalis qızılla örtdü.
5 Böyük otağa şam ağacı ilə örtük vurub onu xalis qızılla örtdü, onun üstünə xurma ağacları və zəncir təsvirləri həkk etdi.
6 Əzəmətli olsun deyə evi qiymətli daşlarla bəzədi. Qızıl Parvayim qızılı idi.
7 Məbədi və onun dirəklərini, astanalarını, divarlarını və qapılarını qızılla örtdü, divarlarda keruvların təsvirini oydu.
8 Süleyman Ən Müqəddəs yeri də tikdi. Onun uzunluğu məbədin eninə görə iyirmi qulac və eni iyirmi qulac idi. Onu altı yüz talant xalis qızılla örtdü.
9 Qızıl mismarların ağırlığı əlli şekel idi. Yuxarı otaqları da qızılla örtdü.
10 Ən Müqəddəs yerdə heykəltəraş işi olan iki keruv düzəltdi və onları qızılla örtdü.
11 Keruvların qanadları iyirmi qulac uzunluğunda idi. Bir keruvun qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına dəyirdi.
12 O biri keruvun da qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına birləşmişdi.
13 Bu keruvların qanadları iyirmi qulac uzanırdı. Keruvlar ayaq üstə durmuşdu və üzləri böyük otağa doğru çevrilmişdi.
14 O, bənövşəyi, tünd qırmızı, al rəngli parça və incə kətandan pərdə tikdi, üzərində keruvlar işlədi.
Məbəd üçün qızıldan və tuncdan olan əşyalar
(1Pad. 7:15-51)
15 Süleyman məbədin önündə otuz beş qulac hündürlüyündə iki sütun düzəltdi və hər bir sütunun üstündəki başlıq beş qulac idi.
16 İç otaqda zəncirlər düzəltdi və onları sütunların üstünə qoydu, yüz nar düzəltdi və onları zəncirlərin üzərinə qoydu.
17 O, sütunları məbədin önünə – birini sağa və o birini sola qoydu. Sağda olanı Yakin, solda olanı isə Boaz adlandırdı.
4
1 Süleyman tuncdan bir qurbangah tikdi. Onun uzunluğu və eni iyirmi qulac, hündürlüyü isə on qulac idi.
2 O, tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi, bir kənarından digər kənarına qədər on qulac idi və otuz qulaclıq bir ip onun ətrafına dolanmışdı.
3 Altının hər tərəfindən onu buğa təsvirləri əhatə edirdi. Hər qulacda on buğa vardı. Buğalar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü.
4 Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi.
5 Hovuzun qalınlığı bir ovuc idi. Onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, üç min bat su tuturdu.
6 Süleyman on ləyən düzəltdi, onlarda yuyunmaq üçün beşini sağa, beşini sola qoydu. Yandırma qurbanı olacaq şeyləri onların içində yuyardılar. Ancaq hovuz kahinlərin yuyunması üçün idi.
7 O, təsvirinə görə on qızıl çıraqdan düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu.
8 On masa düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. Qızıldan yüz piyalə də düzəltdi.
9 Kahinlər həyətini, böyük həyəti, həyətin qapılarını düzəltdi və onların qapılarını tuncla örtdü.
10 Hovuzu məbədin sağında, cənub-şərq küncündə yerləşdirdi.
11 Xiram həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi.
Xiram Allahın məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:
12 iki sütun;
sütunların üstündə iki dəyirmi başlıq;
sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;
13 sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;
14 dayaqlar;
dayaqların üzərində on ləyən;
15 bir hovuz;
onun altında on iki tökmə buğa;
16 qazanlar, kürəklər və piyalələr.
Bütün bu əşyaları Xiram-Avi Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan tökmüşdü.
17 Padşah bunları İordan çayının kənarındakı düzənlikdə, Sukkot ilə Seredata arasındakı gil torpaqlarda tökmüşdü.
18 Süleyman bu əşyaların hamısından lap çox düzəltdi və onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.
19 Süleyman Allahın məbədindəki bütün əşyaları düzəltdi:
qızıl qurbangah;
təqdis çörəkləri qoyulan masalar;
20 qaydaya görə iç otağın önündə yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları;
21 xalis qızıldan güllər, çıraqlar və maşalar;
22 xalis qızıldan maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar;
məbədin qızıl qapıları, yəni Ən Müqəddəs yerə açılan içəri qapı tayları və məbədin böyük otağının qapı tayları.
5
1 Rəbbin məbədi üçün Süleymanın gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Allahın məbədinin xəzinələrinə qoydu.
Əhd sandığının məbədə gətirilməsi
(1Pad. 8:1-9)
2 O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yəni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər.
3 Yeddinci ayda olan bayram vaxtı bütün İsrail xalqı padşahın yanına toplandı.
4 Bütün İsrail ağsaqqalları gələndə Levililər sandığı götürdü.
5 Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları Levili kahinlər yuxarı gətirdi.
6 Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qoyun-keçi və mal-qara qurban kəsirdi.
7 Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, məbədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdi.
8 Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü.
9 Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır.
10 İsrail övladları Misirdən çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki lövhə qoymuşdu. Bunlardan başqa onun içində heç bir şey yox idi.
11 Kahinlər Müqəddəs yerdən çıxdılar. Hazır olan kahinlərin hamısı bölmələrini gözləmədən özlərini təqdis etmişdi.
12 İlahi oxuyan Levililərin hamısı da – Asəf, Heman, Yedutun və onların oğulları ilə qohumları incə kətan geyərək sinclər, çənglər və liralarla qurbangahın şərq tərəfində dayandılar və onlarla bərabər yüz iyirmi kahin kərənay çalırdı.
13 Kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərənayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin məbədini elə doldurdu ki,
14 o buluda görə kahinlər ibadət etmək üçün orada dayana bilmədilər, çünki Rəbbin izzəti Allahın məbədini doldurmuşdu.
6
1 O zaman Süleyman dedi: «Rəbb istədi ki, qatı qaranlıqda məskən salsın.
2 Mən Sənin üçün uca bir məbəd tikdim ki, Sənin əbədi yaşayacağın yer olsun».
Süleymanın xalqa müraciəti
(1Pad. 8:12-21)
3 Padşah dönüb bütün İsrail camaatına xeyir-dua verdi. Bu zaman bütün İsrail camaatı ayaq üstə durmuşdu.
4 Padşah dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, atam Davuda Öz ağzı ilə dediyini Öz əli ilə yerinə yetirdi. O söyləmişdi:
5 “Mən xalqımı Misir torpağından çıxartdığım gündən bəri bir məbəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun. Xalqım İsrail üzərində hökmdar olmaq üçün bir adam da seçməmişdim.
6 İndi isə adım orada olsun deyə Yerusəlimi seçmişəm və xalqım İsrail üzərində hökmdar olmaq üçün Davudu seçmişəm”.
7 Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir məbəd tikmək istəyi var idi.
8 Lakin Rəbb atam Davuda dedi: “Sən yaxşı eləmisən ki, Mənim adıma bir məbəd tikmək niyyətinə düşmüsən.
9 Ancaq məbədi sən tikməyəcəksən, sənin belindən gələn oğlun Mənim adıma məbəd tikəcək”.
10 Rəbb vəd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına məbəd tikdim.
11 Sandığı oraya qoydum. Rəbbin İsrail övladları ilə bağladığı əhd onun içindədir».
Süleymanın duası
(1Pad. 8:22-53)
12 Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durub əllərini göyə açdı.
13 O, tuncdan uzunluğu ilə eni beş qulac, hündürlüyü isə üç qulac olan bir kürsü düzəldib həyətin ortasına qoymuşdu və indi onun üstündə dururdu. Bütün İsrail camaatı önündə diz çöküb əllərini göyə açdı.
14 Süleyman dedi: «Ya Rəbb, İsrailin Allahı! Nə göydə, nə də yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan.
15 Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin.
16 Ya Rəbb İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et. Özün söyləmişdin: “Sən yolumla getdiyin kimi oğulların da qanunuma görə əməl edərək öz yollarına diqqət edərlərsə, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”.
17 Ey İsrailin Allahı Rəbb, indi qulun atam Davuda dediyin sözü təsdiq et!
18 Lakin, doğrudan da, Allah yerdə, insanların yanında yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!
19 Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım, bu gün onun önündə etdiyi fəryadı və duanı eşit.
20 Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən ki, adını orada qoyursan. Qulunun buraya üz tutub etdiyi duanı eşit.
21 Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göydən – Öz məskənindən eşit və bağışla!
22 Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu məbəddə, Sənin qurbangahın önündə and içərsə,
23 o vaxt Sən göydən eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver.
24 Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa və onlar təkrar Sənə dönüb adını dillərinə gətirsələr və bu məbəddə Sənə yalvarıb fəryad etsələr,
25 o vaxt Sən göydən eşit və xalqın İsrailin günahını bağışla, onları yenə özlərinə və atalarına verdiyin torpağa qaytar.
26 Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr,
27 o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər.
28 Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun –
29 kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz bəlasını və dərdini bilib bu məbədə tərəf əllərini açsa,
30 o vaxt Sən göydən – Öz məskənindən eşit və bağışla. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki insan ürəklərini yalnız Sən bilirsən.
31 Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Sənin yolunla getmək üçün Səndən qorxsun.
32 Əgər xalqın İsraildən olmayan yadelli də uzaq ölkədən gəlsə, Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə,
33 o vaxt Sən göydən – Öz məskənindən eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi et ki, yer üzünün bütün xalqları da Sənin adını tanısın, xalqın İsrail kimi Səndən qorxsun və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsin.
34 Əgər xalqın göndərdiyin yolla düşmənlərinə qarşı müharibəyə çıxsa və Sənin seçdiyin bu şəhərə tərəf, Sənin adına tikdiyim məbədə doğru üz çevirib Sənə dua etsə,
35 Sən göydən onların dualarını və yalvarışlarını eşit, onların tərəfində ol.
36 Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşmənə təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa,
37 onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərib tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr,
38 onların əsir olunub aparıldığı ölkədə bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyin şəhərə və adına tikdiyim məbədə tərəf üz tutub Sənə dua etsələr,
39 o vaxt Sən göydən – Öz məskənindən onların dua və yalvarışlarını eşit və onların tərəfində ol. Sənin önündə günah edən xalqını bağışla.
40 İndi, ey Allahım, Sənə yalvarıram, bu yerdə edilən duanı gözlərin görsün və qulaqların eşitsin.
41 Ya Rəbb Allah, qüvvənin rəmzi olan sandığınla birgə,
Gücün rəmzi olan sandığınla birgə
İstirahət edəcəyin yerə qalx.
Ya Rəbb Allah, kahinlərin zəfərinlə əhatə olunsun,
Möminlərin xeyirxahlığına görə sevinsin.
42 Ya Rəbb Allah, məsh etdiyindən üz döndərmə,
Qulun Davuda göstərdiyin məhəbbətini yada sal».
Məbədin təqdis edilməsi
7
(1Pad. 8:62-66)
1 Süleyman duanı bitirdikdə göydən od düşüb yandırma qurbanları və təqdimləri uddu. Rəbbin izzəti məbədi doldurdu.
2 Kahinlər Rəbbin məbədinə girə bilmədi, çünki Rəbbin izzəti Öz məbədini doldurmuşdu.
3 Bütün İsrail övladları odun düşdüyünü və məbədin üzərində olan Rəbbin izzətini görəndə daş döşəmənin üstündə üzüstə yerə çöküb «Rəbbə şükür olsun, çünki O yaxşıdır, Onun məhəbbəti əbədidir» deyərək səcdə etdilər.
4 Padşah və bütün xalq Rəbbin önündə qurbanlar kəsdi.
5 Padşah Süleyman qurban olaraq iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi təqdim etdi. Beləliklə, padşah və bütün xalq Allahın məbədini təqdis etdi.
6 Kahinlər öz vəzifələrinə görə dayandı, Levililər isə Rəbbin musiqi alətləri ilə durdu. Padşah Davud bunları düzəltmişdi ki, o, «Rəbbə şükür olsun, çünki məhəbbəti əbədidir» oxuyaraq həmd edəndə Levililər onlarda çalsın. Kahinlər onların qarşısında kərənaylar çalırdı və bütün İsraillilər ayaq üstə dayanmışdı.
7 Süleyman Rəbbin məbədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanları və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin. Çünki düzəltdiyi tunc qurbangah kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və piy oraya yerləşməzdi.
8 O vaxt Süleyman və onunla birgə çox böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər yeddi gün bayram etdi.
9 Səkkizinci gün təntənəli toplantı oldu. Qurbangahın təqdisi yeddi gün, bayram da yeddi gün oldu.
10 Yeddinci ayın iyirmi üçüncü günü Süleyman xalqı buraxdı. Rəbbin Davuda, Süleymana və xalqı İsrailə etdiyi yaxşılıqlara görə onlar sevinclə və şad ürəklə öz evlərinə getdi.
Rəbb yenə Süleymana görünür
(1Pad. 9:1-9)
11 Süleyman Rəbbin məbədini və padşah sarayını tikib qurtardı. Rəbbin məbədində və öz sarayında ürəyi istədiyi hər şeyi uğurla etdi.
12 Rəbb Süleymana gecə görünüb ona dedi: «Sənin duanı eşitdim və bu yeri Özümə qurban evi seçdim.
13 Göyləri bağladığım və yağış olmadığı vaxt yeri yeyib qurtarsın deyə, çəyirtkəyə əmr etdiyim və xalqımın arasına vəba göndərdiyim zaman
14 əgər Mənim adımla çağırılan xalqım özünü aşağı tutarsa, dua edib Məni axtararsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam.
15 İndi bu yerdə edilən duanı gözlərim görəcək və qulaqlarım eşidəcək.
16 İndi adımı əbədilik oraya qoymaq üçün bu məbədi seçib təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq.
17 Əgər sən Mənim əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən,
18 sənin padşahlıq taxtını ucaldacağam. Mən “sənin nəslindən İsrailə hökm edən bir kişi əskik olmayacaq” deyərək atan Davudla əhd bağlamışdım.
19 Ancaq siz dönüb qarşınıza qoyduğum qanunlarımı və əmrlərimi tərk etsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz,
20 Mən İsrailliləri onlara verdiyim torpaqdan qovub atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söylədəcəyəm.
21 İndi uca olan bu məbədin yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?”
22 Onlara deyəcəklər: “Bu xalq atalarını Misir torpağından çıxaran Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdilər. Buna görə də O bütün bu bəlanı onların üzərinə göndərdi”».
Süleymanın tikinti işləri
8
(1Pad. 9:10-28)
1 Süleyman Rəbbin məbədini və öz sarayını iyirmi ilə tikib qurtardıqdan sonra
2 Xiramın Süleymana verdiyi şəhərləri Süleyman yenə tikdi və İsrail övladlarını orada yerləşdirdi.
3 Süleyman Xamat-Sovaya getdi və bu ölkəni tutdu.
4 Səhrada Tadmoru və Xamatda bütün anbar şəhərlərini tikdi.
5 Yuxarı Bet-Xoronu və Aşağı Bet-Xoronu, divarlarla, qapılarla və sürgülərlə olan qalalı şəhərlər kimi tikdi.
6 Baalatı, özünün bütün anbar şəhərlərini, bütün döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi.
7 Ölkədə İsraillilərdən olmayan başqa xalqlar – Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı.
8 Çünki İsrail övladları onların atalarını məhv etməmişdi. Süleyman onları mükəlləfiyyətçi etdi və bu indiyə qədər belədir.
9 İsrail övladlarından isə heç kəsi öz işi üçün qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, keşik rəisləri, döyüş arabalarının və süvarilərinin başçıları idi.
10 Padşah Süleymanın nəzarətçi rəisləri də İsraillilərdən idi. Xalqa rəislik edən bu adamlar iki yüz əlli nəfər idi.
11 Süleyman fironun qızını Davudun şəhərindən onun üçün tikdiyi evinə köçürdü. Çünki o dedi: «Arvadım İsrailin padşahı Davudun sarayında yaşamasın, ona görə ki Rəbbin sandığının gəldiyi yerlər müqəddəsdir».
Süleyman məbəddə ibadət qaydasını müəyyən edir
12 O vaxt Süleyman eyvanın önündə düzəltdiyi Rəbbin qurbangahında Rəbbə yandırma qurbanları təqdim edərdi.
13 Şənbə günlərində və Təzə Ay mərasimlərində, ildə üç dəfə bayramlarda – Mayasız Çörək bayramında, Həftələr bayramında və Çardaqlar bayramında Musanın əmr etdiyi təqdimlər günündə təqdim edərdi.
14 Atası Davudun hökmünə görə, o, kahinlərin bölmələrini xidmətlərinə görə, hər günün qaydası ilə kahinlərin yanında həmd və xidmət etmək üçün Levililəri vəzifələrinə görə və hər qapıya qapıçıları bölmələrinə görə təyin etdi. Çünki Allah adamı Davud belə əmr etmişdi.
15 Onlar hər məsələdə, xəzinələrlə bağlı məsələlərdə padşahın kahinlərə və Levililərə olan əmrindən çıxmadı.
16 Rəbbin məbədinin bünövrəsinin qoyulmasından tikilib qurtarmasına qədər Süleymanın hər işi hazırlanmışdı. Beləcə Rəbbin məbədi tikilib qurtardı.
Süleymanın donanması
17 Süleyman Edom ölkəsində, dənizin körfəzində olan Esyon-Geverə və Elata getdi.
18 Xiram adamlarının vasitəsilə ona gəmilər və dənizə bələd adamlar göndərdi. Onlar Süleymanın adamları ilə birgə Ofirə gəldi və oradan dörd yüz əlli talant qızıl götürüb padşah Süleymana gətirdilər.
Süleyman və Səba mələkəsi
9
(1Pad. 10:1-13)
1 Səba mələkəsi Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi. O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi.
2 Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin.
3 Səba mələkəsi Süleymanın hikmətini və onun tikdiyi sarayı,
4 süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini və onların geyimlərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanları görəndə daha özünü saxlaya bilmədi.
5 O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş.
6 Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə sənin böyük hikmətinin yarısı belə, danışılmayıb, sənin şöhrətin barədə eşitdiklərimdən də üstünsən.
7 Sənin adamların nə bəxtiyardır və bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər.
8 Allahın Rəbbə alqış olsun ki, səni istəyib Allahın Rəbb üçün padşah kimi İsrail taxtında oturtdu! Allahın İsraili əbədi möhkəmləndirməkdən ötrü ona olan sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni onlar üzərinə padşah qoydu».
9 Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər ətriyyat hələ heç vaxt gəlməmişdi.
10 Ofirdən qızıl gətirən Xiramın adamları ilə Süleymanın adamları ardıc ağacı və qiymətli daşlar da gətirdilər.
11 Padşah ardıc ağacından Rəbbin məbədi və padşah sarayı üçün pilləkənlər, musiqiçilər üçün lira və çəng düzəltdi. Yəhuda diyarında bu günə qədər beləsi görünməmişdi.
12 Padşah Süleyman Səba mələkəsinin arzuladığı və istədiyi bütün şeyləri ona verdi; bu, mələkənin padşaha gətirdiklərindən də çox idi. Sonra mələkə əyanları ilə birgə qayıdıb öz ölkəsinə getdi.
Süleymanın var-dövləti
(1Pad. 10:14-25)
13 Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi.
14 Alver edən adamların və tacirlərin gətirdiyi qızıl buraya daxil deyildi. Bütün Ərəb padşahları və ölkənin valiləri də Süleymana qızıl və gümüş gətirərdi.
15 Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel döymə qızıl işləndi.
16 O, döymə qızıldan üç yüz qalxan da düzəltdi və bir qalxana üç yüz şekel qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu.
17 Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtdü.
18 Taxtın altı pilləsi və ayaq qoymaq üçün qızıl kətili var idi, bunlar taxta bağlı idi. Oturacağın hər iki tərəfində qollar var idi və qolların yanında iki şir təsviri var idi.
19 Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə bir şey yox idi.
20 Padşah Süleymanın bütün içki qabları qızıldan idi. «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı.
21 Padşahın gəmiləri Xiramın adamları ilə birgə Tarşişə gedərdi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi.
22 Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi.
23 Bütün yer üzünün padşahları Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün onun üzünü görmək istəyirdi.
24 Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl qablar, gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi.
25 Süleymanın dörd min axurunda döyüş arabaları üçün atları və on iki min süvarisi vardı. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi.
26 O, Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlar üzərində hökmranlıq edirdi.
27 Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi.
28 Süleymanın atları Misirdən və bütün ölkələrdən gətirilirdi.
Süleymanın ölümü
(1Pad. 11:41-43)
29 Süleymanın qalan işləri, ilk işlərindən son işlərinə qədər peyğəmbər Natanın tarix kitabında və Şilolu Axiyanın peyğəmbərliyində və görücü İddonun Nevat oğlu Yarovam haqqındakı vəhylərində yazılmışdır.
30 O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi.
31 Süleyman ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı. Onun yerinə oğlu Rexavam padşah oldu.