16
Davudun padşah seçilməsi
Rəbb Şamuelə dedi: «İsrail üzərində padşah olmasın deyə Şaulu rədd etdiyim halda sən nə vaxta qədər onun dərdini çəkəcəksən? Yağ buynuzunu yağla doldur və get. Səni Bet-Lexemli Yesseyin yanına göndərirəm. Çünki onun oğulları arasında Özüm üçün padşah təyin etmişəm». Şamuel dedi: «Necə gedim? Axı Şaul eşitsə, məni öldürər». Rəbb dedi: «Özünlə bir düyə götürüb “Rəbbə qurban kəsmək üçün gəlmişəm” de. Yesseyi də qurban mərasiminə dəvət et və sonra nə edəcəyini sənə bildirəcəyəm. Sənə deyəcəyim adamı Mənim üçün məsh edəcəksən». Şamuel Rəbbin söylədiyi kimi Bet-Lexemə getdi. Şəhərin ağsaqqalları onu həyəcanla qarşıladılar və dedilər: «Bu gəlişin xeyirdirmi?» O dedi: «Bəli, xeyirdir. Rəbbə qurban kəsmək üçün gəlmişəm. Özünüzü təqdis edin və mənimlə bərabər qurban mərasiminə gəlin». Şamuel Yesseylə oğullarını da təqdis edərək onları da qurban mərasiminə dəvət etdi.
Onlar gələrkən Şamuel Eliava baxıb dedi: «Doğrudan da, Rəbbin məsh etdiyi Rəbbin qarşısındadır!» Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar». O zaman Yessey Avinadavı çağırdı və onu Şamuelin qarşısından keçirdi. Şamuel dedi: «Rəbb bunu da seçmədi». Yessey Şammanı gətirdi və Şamuel dedi: «Rəbb bunu da seçmədi». 10 Yessey isə oğlanlarının yeddisini Şamuelin qarşısından keçirdi. Şamuel Yesseyə dedi: «Rəbb bunları seçmədi». 11 Sonra Yesseydən soruşdu: «Oğlanlarının hamısı budur?» Yessey cavab verdi: «Lap kiçiyi də var, odur, qoyun otarır». Şamuel Yesseyə dedi: «Bir nəfər göndər, qoy o da buraya gəlsin. Çünki o buraya gəlməsə, biz süfrəyə oturmayacağıq». 12 Yessey adam göndərib onu içəri gətirtdi. Oğlan alyanaq, gözləri gözəl, üzü göyçək idi. Rəbb Şamuelə dedi: «Dur, onu məsh et, çünki seçilmiş budur». 13 Şamuel yağ buynuzunu götürüb qardaşları arasında onu məsh etdi və o gündən başlayaraq Davudun üzərinə Rəbbin Ruhu qüvvə ilə endi. Sonra Şamuel qalxıb Ramaya getdi.
Şaul və Davud
14 Rəbbin Ruhu Şauldan ayrılandan sonra Rəbbin izni ilə şər bir ruh ona əzab verirdi. 15 Şaulun əyanları ona belə dedilər: «Budur, indi Allahın izni ilə şər bir ruh sənə əziyyət verir. 16 Ey ağamız, qarşında olan qullarına əmr et ki, yaxşı çəng çalan bir adam axtarsınlar. Allahın izni ilə şər ruh sənin üstünə gələn zaman o, lira çalar, sən də ruhlanarsan». 17 Şaul əyanlarına dedi: «Elə isə mənim üçün yaxşı çəng çalan bir adam tapıb yanıma gətirin». 18 Gənc əyanlardan biri cavab verdi: «Mən görmüşəm ki, Bet-Lexemli Yesseyin oğlu yaxşı çəng çalır. O, igid, cəsur döyüşçü, müdrikliklə danışan, yaraşıqlı bir oğlandır və Rəbb onunladır». 19 Şaul Yesseyin yanına qasidlər göndərib dedi: «Qoyunotaran oğlun Davudu mənim yanıma göndər». 20 Yessey bir eşşəyə çörək, bir tuluq şərab, bir oğlaq yüklədi və oğlu Davudun əli ilə Şaula göndərdi. 21 Davud Şaulun yanına gəldi və onun qulluğunda durdu. Davud Şaulun çox xoşuna gəldi və onu öz silahdarı etdi.
22 Sonra Şaul Yesseyin yanına adam göndərib dedi: «Rica edirəm, qoy Davud yanımda qalsın, çünki o, gözümdə lütf tapıb». 23 Hər dəfə Allahın izni ilə Şaula şər ruh gələn zaman Davud lirasını götürüb çalar, Şaul sakitləşər, yaxşı olar və şər ruh ondan ayrılardı.