17
Davud Qolyatı öldürür
Filiştlilər müharibə üçün ordularını toplayıb Yəhudaya mənsub Soko şəhərində cəmləşdilər. Soko ilə Azeqa şəhəri arasında olan Efes-Dammimdə ordugah qurdular. Şaulla İsraillilər toplaşıb Ela vadisində ordugah qurdular və Filiştlilərə qarşı döyüş üçün düzüldülər.
Filiştlilər bir təpənin üstündə, İsraillilər isə o biri təpədə dayanmışdılar, aralarında vadi var idi. Qat şəhərindən olan Qolyat adlı bir cəngavər Filiştlilərin ordugahından irəli çıxdı. Onun boyu altı qulac bir qarış *Altı qulac bir qarış – təqribən 3 metr. idi. Başında tunc dəbilqəsi vardı, əyninə beş min şekel ağırlığında tuncdan pullu zireh geymişdi. Baldırlarına tunc zireh taxmışdı, kürəyində isə tunc mizraq vardı. Nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda olub dəmir ucu altı yüz şekel ağırlığında idi. Qalxan daşıyan silahdarı isə onun qabağında gedirdi.
Qolyat İsrail alaylarının qarşısında dayanaraq qışqıra-qışqıra dedi: «Niyə döyüşə çıxıb düzülmüsünüz? Mən Filiştli, siz də Şaulun qulları deyilsinizmi? Aranızdan bir kişi tapın, qoy yanıma gəlsin. Əgər mənimlə vuruşanda o məni öldürərsə, onda biz sizə qul olarıq, yox əgər mən onu vurub öldürsəm, onda siz bizə qul olub qulluq edəcəksiniz». 10 Sonra Filiştli sözünü belə davam etdirdi: «Bu gün mən İsrail alaylarına meydan oxuyuram. Mənim qarşıma təkbətək vuruşmaq üçün bir kişi çıxarın!» 11 Filiştlinin bu sözlərini eşidən Şaul və bütün İsraillilər vahiməyə düşüb çox qorxdu.
12 Davud Yəhudanın Bet-Lexem şəhərindən olan Yessey adlı bir Efratlının oğlu idi. Yesseyin səkkiz oğlu var idi. Şaulun dövründə Yessey qocalıb yaşa dolmuşdu. 13 Onun üç böyük oğlu Şaulun ardınca döyüşə getmişdi. Döyüşə gedən üç oğlunun adı belə idi: birincisi Eliav, ikincisi Avinadav və üçüncüsü Şamma. 14 Davud Yesseyin ən kiçik oğlu idi. Üç böyük oğlu isə Şaulun ardınca gedirdi. 15 Davud da atasının sürüsünü otarmaq üçün Şaulun yanından Bet-Lexemə gedər və geri qayıdardı. 16 Filiştli Qolyat qırx gün səhər-axşam İsraillilərə meydan oxudu.
17 Bir gün Yessey oğlu Davuda dedi: «İndi qardaşların üçün bu bir efa qovurğa və on kömbə çörəyi götür, ordugaha – qardaşlarının yanına tələs. 18 Bu on parça pendiri də minbaşı üçün götür, ondan qardaşlarının hal-əhvalını soruş və mənə onlardan bir xəbər gətir». 19 Davudun qardaşları Şaul və bütün İsraillilərlə birgə Ela vadisində Filiştlilərlə döyüşdə idi.
20 Davud səhər tezdən durub qoyunlarını çobana tapşıraraq Yesseyin buyurduğu kimi ərzaqları götürüb getdi. O, ordugaha gələn zaman ordu döyüş meydanına çıxır və nərə çəkərək döyüşə düzülürdü. 21 İsraillilərlə Filiştlilər döyüşmək üçün üz-üzə dayandılar. 22 Davud gətirdiyi şeyləri tədarük keşikçisinə verdi, özü isə cəbhəyə qaçdı və qardaşlarının yanına gəlib onları salamladı. 23 Davud onlarla söhbət edərkən Filiştlilərin Qat şəhərindən olan Qolyat adlı cəngavər öz alaylarının arasından irəli çıxıb yenə əvvəlki kimi sözlər söylədi. Davud bunu eşitdi.
24 Bütün İsraillilər bu adamı görəndə bərk qorxdular və onun qarşısından qaçdılar. 25 İsraillilər dedilər: «Qabağa çıxan bu adamı görürsünüzmü? Doğrudan da, o, İsrailə meydan oxumağa çıxıb. Kim onu öldürsə, padşah onu var-dövlətə çatdıracaq, qızını ona verəcək və atasının ailəsini İsraildəki vergidən azad edəcək». 26 Davud yanındakı adamlara dedi: «Bu Filiştlini öldürüb İsraili bu xəcalətdən qurtaran adama nə ediləcək? Axı bu sünnətsiz Filiştli kimdir ki var olan Allahın alaylarına meydan oxuyur?» 27 Xalq onu öldürən adama nə ediləcəyini deyərək eyni sözü təkrar etdi.
28 Davud adamlarla danışarkən böyük qardaşı Eliav onun səsini eşitdi və qəzəbdən alovlanaraq dedi: «Sən niyə aşağı enmisən? Çöldəki bir neçə qoyunumuzu kimə tapşırmısan? Bilirəm, sən lovğalığından və ürəyinin pis niyyətindən ötrü buraya döyüşə tamaşa etmək üçün gəlmisən». 29 Davud dedi: «Axı indi mən nə etmişəm? Yəni danışa da bilmərəm?» 30 Davud oradan qayıdıb başqasından soruşdu və xalq ona yenə də əvvəlki kimi cavab verib eyni sözləri dedi.
31 Davudun bu sözlərini eşidənlər bunu Şaula çatdırdılar. Şaul onu yanına çağırtdırdı. 32 Davud Şaula dedi: «Bu adamdan ötrü heç kim ürəyini üzməsin. Sənin qulun gedib o Filiştli ilə vuruşacaq». 33 Şaul Davuda dedi: «Bu Filiştli ilə vuruşmağa hünərin çatmaz, çünki sən hələ uşaqsan, o isə cavanlığından döyüşçüdür». 34 Davud Şaula dedi: «Sənin qulun atasının qoyunlarını otaranda aslan yaxud da ayı gəlib sürüdən bir quzu götürəndə 35 mən arxadan çıxıb onu vurardım və ağzından quzunu qurtarardım. Əgər üstümə atılardısa, mən boğazının tüklərindən tutaraq çırpıb öldürərdim. 36 Bu qulun həm aslan, həm də ayı öldürüb, bu sünnətsiz Filiştli də onlardan biri kimi olacaq, çünki o, var olan Allahın alaylarına meydan oxumuşdur». 37 Davud sözünə davam etdi: «Məni aslan pəncəsindən, ayı pəncəsindən qurtaran Rəbb bu Filiştlinin də əlindən qurtaracaq». Şaul Davuda dedi: «Get, Rəbb sənə yar olsun!»
38 Şaul öz silahlarını Davuda bağladı və başına tunc dəbilqə qoyub əyninə zireh geyindirdi. 39 Davud bu zirehin üstündən qılınc taxıb gəzməyə çalışdı, çünki ona alışmamışdı. Sonra Davud Şaula dedi: «Bunlara alışmadığım üçün gəzə bilmirəm». Davud onları əynindən çıxartdı. 40 Sonra əlinə dəyənəyini götürüb çaydan özünə beş hamar daş seçdi və onları üstündəki çoban torbasına – dağarcığına qoyub əlində sapand Filiştliyə yaxınlaşdı.
41 Filiştli irəliləyərək Davuda yaxınlaşırdı. Qalxan daşıyan nökəri isə onun qabağında idi. 42 O nəzər salıb Davudu görəndə ona kinayə ilə baxdı. Çünki Davud gənc, alyanaq, üzügöyçək idi. 43 Filiştli Davuda dedi: «Məgər mən itəm ki, üstümə dəyənəklərlə gəlirsən». Filiştli öz allahları ilə Davudu lənətlədi və dedi: 44 «Yanıma gəl, sənin ətini göydəki quşlara və çöldəki heyvanlara verim».
45 Davud isə Filiştliyə dedi: «Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm. 46 Bu gün Rəbb səni mənə təslim edəcək və mən səni öldürəcəyəm. Başını bədənindən ayıracağam. Bu gün Filişt ordusunun leşlərini göydəki quşlara və yerdəki heyvanlara verəcəyəm. Bundan sonra bütün dünya biləcək ki, İsraildə Allah var. 47 Bütün bu camaat biləcək ki, Rəbb qılıncla və nizə ilə xilas etməz, çünki bu döyüş Rəbbindir və O sizi bizə təslim edəcək».
48 Davudun qabağına çıxmaq üçün Filiştli durub yaxınlaşanda Davud cəld onu qabaqlayıb Filişt alaylarına tərəf qaçdı. 49 Davud əl atıb dağarcığından bir daş götürdü, sapandla fırladaraq Filiştlinin alnından vurdu. Daş onun alnına batdı və o, üzüstə yerə yıxıldı.
50 Davud Filiştlini sapandla, daşla məğlub etdi və vurub yerə sərdi. Davudun əlində qılınc yox idi. 51 O qaçıb bu Filiştlinin üstünə çıxdı. Filiştlinin qılıncını götürdü, qınından çəkib onu öldürdü və sonra başını kəsdi. Filiştlilər öz cəngavərinin öldürüldüyünü görəndə qaçdılar. 52 İsraillilərlə Yəhudalılar isə qalxıb nərə çəkdilər və Filiştliləri Qatın girişinə və Eqronun darvazalarına çatana qədər qovdular. Filiştlilərdən ölənlər Şaarayim yolu boyu Qata və Eqrona qədər yerə sərilmişdilər. 53 İsrail övladları Filiştliləri arxadan qovandan sonra qayıdıb onların ordugahını talan etdilər. 54 Davud Qolyatın başını götürüb Yerusəlimə gətirdi, lakin silahını öz çadırına qoydu.
55 Şaul Davudun Filiştliyə qarşı çıxdığını görən zaman ordu başçısı Avnerə «Avner, bu gənc kimin oğludur?» deyə soruşdu. Avner isə dedi: «Padşah sağ olsun, bilmirəm». 56 Padşah dedi: «Öyrən gör, bu cavan kimin oğludur». 57 Davud Qolyatı öldürüb qayıdandan sonra Avner onu götürüb Şaulun qarşısına gətirdi. Filiştlinin başı onun əlində idi. 58 Şaul ona dedi: «Ey cavan, kimin oğlusan?» Davud cavab verdi: «Qulun Bet-Lexemli Yesseyin oğluyam».

*17:4 Altı qulac bir qarış – təqribən 3 metr.