4
Allahı razı salmaq
Qardaşlar, necə həyat sürmək və Allahı razı salmaq barədə bizdən təlimat aldınız. Nəhayət, Rəbb İsa naminə sizdən xahiş edir və yalvarırıq ki, belə həyat sürməkdə daha çox inkişaf edin. Rəbb İsanın səlahiyyəti ilə sizə hansı əmrləri verdiyimizi bilirsiniz.
Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir: cinsi əxlaqsızlıqdan qaçın, 4-5 hər biriniz Allahı tanımayan bütpərəstlər kimi şəhvət və ehtirasla deyil, müqəddəslik və hörmətlə arvad almağı öyrənin, heç kim haqsızlıq edib bacı-qardaşını istismar etməsin. Çünki əvvəlcə sizə dediyimiz və xəbərdarlıq etdiyimiz kimi, Rəbb bütün bunlara görə qisas alacaq. Çünki Allah bizi murdarlığa deyil, müqəddəsliyə çağırmışdır. Ona görə bu təlimatı rədd edən kəs insanı deyil, sizə Öz Müqəddəs Ruhunu bəxş edən Allahı rədd edir.
Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib. 10 Əslində, siz bütün Makedoniyadakı bacı-qardaşların hamısı ilə belə davranırsınız. Lakin ey qardaşlar, rica edirik ki, belə işlərin sayını artırın. 11 Sizə əmr etdiyimiz kimi çalışın ki, dinc yaşayasınız, öz işinizlə məşğul olasınız və əliniz işdə-gücdə olsun; 12 belə ki kənar şəxslərin qarşısında hörmətəlayiq şəkildə həyat sürəsiniz və heç kimdən təminat almağa ehtiyac duymayasınız.
Rəbbin zühuru
13 Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. 14 Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq. 15 *1Kor. 15:51-52Çünki Rəbbin kəlamına əsaslanaraq sizə deyirik ki, Rəbbin zühurunadək sağ qalan bizlər vəfat edənlərdən əsla qabağa keçməyəcəyik. 16 Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. 17 Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq. 18 Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin.

*4:15 1Kor. 15:51-52