15
Məsihin dirilməsinin mühümlüyü
1 İndi, qardaşlar, sizə bəyan etdiyim və qəbul edib əsaslandığınız Müjdəni yadınıza salmaq istəyirəm. 2 Əgər sizə bəyan etdiyim sözə bağlanmısınızsa, o Müjdə ilə də xilas olmaqdasınız, yoxsa əbəs yerə iman etmisiniz. 3 *Zəb. 16:8-10; Yeş. 53:5-12; Mat. 12:40; Həv. 2:24-32Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü, 4 dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi. 5 *Mat. 28:16-17; Mark 16:14; Luka 24:34,36; Yəh. 20:19O əvvəl Kefaya, sonra On İki şagirdə göründü. 6 Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü. Bu bacı-qardaşlardan çoxu indi də yaşayır, bəziləri isə vəfat etmişdir. 7 *Həv. 9:3-6Məsih daha sonra Yaquba, sonra bütün həvarilərə göründü. 8 Hamıdan sonra isə vaxtından əvvəl doğulmuş bir uşağa bənzəyən mənə də göründü. 9 *Həv. 8:3Çünki mən həvarilərin ən kiçiyiyəm və Allahın cəmiyyətini təqib etdiyim üçün həvari adlanmağa layiq deyiləm. 10 Amma indi hər nəyəmsə, Allahın lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyildi, çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox, Allahın mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi. 11 Beləcə istər mən, istərsə də onlar bu cür vəz edirik; siz də belə iman etmisiniz.
Ölülərin dirilməsi
12 Əgər Məsih haqqında vəz olunursa ki, O, ölülər arasından dirildi, sizlərdən bəzisi ölülərin dirilməsinin olmadığını necə söyləyə bilər? 13 Əgər ölülərin dirilməsi yoxdursa, Məsih də dirilməyib. 14 Əgər Məsih dirilməyibsə, onda həm bizim vəzimiz puç, həm də sizin imanınız puçdur. 15 Belə halda Allah barədə yalançı şahid olduğumuz da aşkara çıxacaq. Çünki biz Allah barədə şəhadət etdik ki, O, Məsihi diriltdi. Amma ölülər dirilməzsə, Allah Məsihi də diriltmədi. 16 Çünki əgər ölülər dirilməzsə, Məsih də dirilməyib. 17 Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir, siz hələ günahlarınızın içindəsiniz. 18 Onda Məsihdə vəfat edənlər əbədilik öldülər. 19 Əgər yalnız bu həyat üçün Məsihə ümid bağlamışıqsa, biz hamıdan yazığıq.
20 Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi. 21 Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir. 22 Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq. 23 Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar. 24 Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq. 25 *Zəb. 110:1Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir. 26 Aradan götürüləcək son düşmən isə ölümdür. 27 *Zəb. 8:6Çünki Allah «hər şeyi Onun ayağının altına qoydu». Amma Məsihə hər şey tabe oldu deyiləndə aydın olur ki, hər şeyi Ona tabe etdirən Allah buraya daxil deyil. 28 Hər şey Oğula tabe olandan sonra Oğul Özü də Ona hər şeyi tabe etdirən Ataya tabe olacaq ki, Allah hər şeydə hər şey olsun.
29 Yoxsa ölülər uğrunda vəftiz olunanlar nə edəcək? Əgər ölülər heç vaxt dirilməsə, insanlar ölülər uğrunda niyə vəftiz olunur? 30 Biz də nə üçün hər an təhlükələrə uğrayırıq? 31 Ey qardaşlar, Rəbbimiz Məsih İsada sizinlə etdiyim fəxrin haqqı üçün mən hər gün ölümlə qarşılaşıram. 32 *Yeş. 22:13Adi insanların bəslədiyi ümidlərlə Efesdə vəhşi heyvanlarla mübarizə aparmağımın mənə xeyri nə idi? Əgər ölülər dirilməzsə, «qoy yeyib-içək, çünki sabah öləcəyik!» 33 Aldanmayın:
«Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur».*Bu sitat yunan dramaturqu Menandrın «Tais» komediyasındandır.
34 Ayılın, saleh olun, daha günaha batmayın. Axı bəziləriniz Allah barəsində heç nə bilmir. Utanasınız deyə bunu yazıram.
Dirilmədən sonrakı bədən
35 Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?» 36 Ey ağılsız insan! Sənin əkdiyin toxum ölməsə, həyata qovuşmaz! 37 Əkərkən hasil olacaq bədəni deyil, yalnız toxumu – bəlkə buğdanın ya digər bitkinin toxumunu əkirsən. 38 Amma Allah o toxuma istədiyi quruluşu verir. O hər bir bitən toxuma özünə məxsus quruluş verir. 39 Hər canlı məxluqun əti eyni deyil. İnsan əti başqa, heyvan əti başqa, quş əti başqa, balıq əti başqadır. 40 Səma cisimləri var, dünya cisimləri də var. Amma səmavi olanların ehtişamı başqa, dünyəvi olanların da başqadır. 41 Günəşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digər ulduzdan ehtişamına görə fərqlənir.
42 Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz; 43 əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir; 44 əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var. 45 *Yar. 2:7Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu. 46 Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir. 47 İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.†Torpağından, ikinci İnsan göydən yarandı – bəzi əlyazmalarda torpağından yarandı, ikinci İnsan göydən yaranan Rəbdir. 48 Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir. 49 Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik.
50 Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz. 51 *1Sal. 4:15-17Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik, 52 amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik. 53 Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir. 54 *Yeş. 25:8Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə
«Ölüm yox edildi,
Onun üzərində qələbə çalındı!»
deyə yazılmış söz yerinə yetəcək.
55 *Huşə 13:14«Ey ölüm, qələbən hanı?
Ey ölüm, neştərin hanı?»‡Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı? – bəzi əlyazmalarda Ey ölüm, neştərin hanı? Ey ölülər diyarı, qələbən hanı?
56 Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır. 57 Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
58 Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.
*15:3 Zəb. 16:8-10; Yeş. 53:5-12; Mat. 12:40; Həv. 2:24-32
*15:5 Mat. 28:16-17; Mark 16:14; Luka 24:34,36; Yəh. 20:19
*15:33 Bu sitat yunan dramaturqu Menandrın «Tais» komediyasındandır.
†15:47 Torpağından, ikinci İnsan göydən yarandı – bəzi əlyazmalarda torpağından yarandı, ikinci İnsan göydən yaranan Rəbdir.
‡15:55 Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı? – bəzi əlyazmalarda Ey ölüm, neştərin hanı? Ey ölülər diyarı, qələbən hanı?