İKİNCİ SALNAMƏLƏR
KİTABI
GİRİŞ
«2 Salnamələr» Kitabı «1 Salnamələr» Kitabının davamıdır. Müəllif bu kitabı Davud oğlu Süleymanın hökmdarlıq dövrünü təsvir etməklə başlayır. Süleymanın oğlu və varisi Rexavama qarşı Yarovamın başçılıq etdiyi şimal qəbilələrinin qiyamını nəql edəndən sonra yalnız cənub padşahlığı olan Yəhudanın tarixindən danışır. Kitabda miladdan əvvəl 586-cı ildə Yerusəlimin süqutunun təsviri ilə Yəhuda padşahlığının tarixi tamamlanır.
Kitabın məzmunu:
1:1–9:31 Süleymanın hakimiyyəti
1:1-17 Erkən illər
2:1–7:10 Məbədin tikilməsi
7:11–9:31 Sonrakı illər
10:1-19 Şimal qəbilələrinin qiyamı
11:1–36:12 Yəhuda padşahları
36:13-23 Yerusəlimin süqutu
1
Süleyman Allahdan hikmət istəyir
(1Pad. 3:1-15)
Davud oğlu Süleyman öz padşahlığını möhkəmləndirdi, Allahı Rəbb onunla idi və onu çox yüksəltdi.
Süleyman bütün İsrailliləri, minbaşıları, yüzbaşıları, hakimləri, bütün İsraildə hər bir rəhbəri və nəsil başçılarını çağırdı. Süleyman və onunla bərabər bütün camaat Giveonda olan səcdəgaha getdi, çünki Rəbbin qulu Musanın çöldə qurduğu Allahın Hüzur çadırı orada idi. *2Şam. 6:1-17; 1Saln. 13:5-14; 15:25–16:1 Ancaq Davud Allahın sandığını Qiryat-Yearimdən onun üçün hazırladığı yerə gətirmişdi, çünki Davud onun üçün Yerusəlimdə bir çadır qurmuşdu. *Çıx. 38:1-7 Xur oğlu Uri oğlu Besalelin düzəltdiyi tunc qurbangah Giveonda, Rəbbin məskəni önündə idi və Süleymanla camaat oraya Rəbdən söz soruşmağa getdi. Süleyman oraya – Rəbbin önündə, Hüzur çadırının qarşısındakı tunc qurbangaha qalxdı və onun üzərində min baş yandırma qurbanı təqdim etdi.
Həmin gecə Allah Süleymana görünüb ona dedi: «Nə istəyirsən, sənə verim?» Süleyman Allaha dedi: «Sən atam Davuda böyük xeyirxahlıq göstərdin və onun yerinə məni padşah etdin. *Yar. 13:16; 28:14 İndi, ya Rəbb Allah, atam Davuda olan vədin yerinə yetsin, çünki Sən məni yerin tozu qədər çox olan bir xalq üzərində padşah etdin. 10 İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim, çünki bu qədər böyük olan bu xalqına kim hökm edə bilər?» 11 Allah Süleymana dedi: «İndi ki ürəyində bu istək var və sən var-dövlət, əmlak, izzət, hətta sənə nifrət edənlərin canını və özünə uzun ömür istəmədin, ancaq səni üzərində padşah etdiyim xalqıma hökm edəsən deyə özün üçün hikmət və bilik istədin, 12 Mən sənə nəinki hikmət və bilik, həm də var-dövlət, əmlak və izzət verəcəyəm ki, nə səndən əvvəl olan padşahlarda olub, nə də səndən sonrakılarda olacaq». 13 Süleyman Giveonda olan səcdəgahdan, Hüzur çadırının önündən Yerusəlimə gəldi və İsrail üzərində padşahlıq etdi.
Süleymanın var-dövləti
(1Pad. 10:26-29)
14 *1Pad. 4:26 Süleyman döyüş arabaları ilə süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. 15 *Qanun. 17:17 Padşah Yerusəlimdə çoxluğuna görə qızıl və gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi. 16 *Qanun. 17:16 Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdı. 17 Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdı.

*1:4 2Şam. 6:1-17; 1Saln. 13:5-14; 15:2516:1

*1:5 Çıx. 38:1-7

*1:9 Yar. 13:16; 28:14

*1:14 1Pad. 4:26

*1:15 Qanun. 17:17

*1:16 Qanun. 17:16