17
Hər hansı bir qüsuru və çatışmazlığı olan öküzü ya da qoyunu Allahınız Rəbbə qurban etməyin. Belə etmək Allahınız Rəbb üçün iyrəncdir.
Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin birində aranızdan Onun əhdini pozub gözündə pis olanı edən hər hansı bir kişi və ya qadın çıxarsa, *Çıx. 22:20 əmrlərimin ziddinə gedib başqa allahlara sitayiş edərsə, bütlərə yaxud günəşə, aya yaxud səma cisimlərindən hər hansı birinə sitayiş və səcdə edərsə, bu hadisədən xəbərdar olsanız, eşitdiklərinizi yaxşı-yaxşı araşdırın. Əgər bu xəbər doğrudursa və belə iyrənc halın İsraildə baş verdiyi sübuta yetərsə, belə pis hərəkət edən kişini və ya qadını şəhərin darvazasına gətirib daşqalaq edərək öldürün. *Say. 35:30; Qanun. 19:15; Mat. 18:16; 2Kor. 13:1; 1Tim. 5:19; İbr. 10:28 Ölümə məhkum olan adam iki yaxud üç nəfərin şahidliyi ilə öldürülməlidir. Tək bir nəfərin şahidliyi ilə öldürülməsin. *Qanun. 13:5; 1Kor. 5:13 O adamı əvvəlcə şahidlər, sonra isə bütün xalq daşqalaq etsin. Beləliklə, aranızdan pisliyi atın.
Məhkəmə işləri
Əgər şəhərlərinizdə qatillik, dava və ya təcavüz barəsində qərar çıxarmaqda həll edə bilmədiyiniz çətinliklərə rast gəlsəniz, Allahınız Rəbbin seçəcəyi yerə gedin. O dövrdə xidmət edən Levili kahinlərin və hakimlərin yanına gedib onlara müraciət edin. Qoy onlar araşdırıb məhkəmə qərarını sizə versinlər. 10 Rəbbin seçəcəyi yerdən sizə deyilən qərara əməl edin. Sizə nə öyrətsələr, ona diqqətlə əməl edin. 11 Öyrədilən təlimata və söylənilən hökmə görə rəftar edin. Əmr edilənlərdən nə sağa, nə də sola dönün. 12 Orada Allahınız Rəbbin hüzurunda vəzifəsini icra edən kahinə yaxud hakimə qulaq asmamaq iddiasında olan şəxs öldürülsün. Beləliklə, aranızdan pisliyi atın. 13 Bütün xalq bu xəbəri eşidib qorxacaq və bir daha bu iddiaya düşməyəcək.
Padşahla əlaqədar qanunlar
14 *1Şam. 8:5 Allahınız Rəbbin sizə verəcəyi torpağa girib, oranı irs olaraq alanda və orada məskunlaşanda əgər “bütün ətraf ölkələrdəki kimi bizə hökm edəcək bir padşah təyin edək” desəniz, 15 mütləq Allahınız Rəbbin seçəcəyi adamı padşah qoyun. Padşah təyin etdiyiniz adam öz soydaşlarınızdan olmalıdır. İsrailli soydaşlarınızdan olmayan yadelli bir adamı padşah edə bilməzsiniz. 16 *1Pad. 10:28; 2Saln. 1:16; 9:28 Qoy padşah özü üçün at çoxaltmasın. İlxısını artırmaq üçün xalqı Misirə – geriyə qaytarmasın, çünki Rəbb sizə belə demişdi: “Bir də bu yoldan geri qayıtmayın”. 17 *1Pad. 11:1-8 *1Pad. 10:14-22,27; 2Saln. 1:15; 9:27 Padşah çox arvad almasın, yoxsa ürəyi haqq yolundan dönər. O özü üçün çoxlu qızıl-gümüş yığıb onu çoxaltmasın.
18 Padşah taxta çıxandan sonra Levili kahinlərin nəzarəti altında bu Qanundan bir surətini özü üçün kitaba köçürsün. 19 Qoy o, Qanunun bu surətini yanında saxlayaraq ömrü boyu hər gün oxusun. Bununla da padşah Allahınız Rəbdən qorxmağı, bu Qanunun bütün sözlərinə və bu qaydalara diqqətlə əməl etməyi öyrənsin. 20 Özünü soydaşlarından üstün tutmasın, əmrdən nə sağa, nə də sola dönsün. Onda İsraildə özünün və nəslinin padşahlıq dövrü uzun olar.

*17:3 Çıx. 22:20

*17:6 Say. 35:30; Qanun. 19:15; Mat. 18:16; 2Kor. 13:1; 1Tim. 5:19; İbr. 10:28

*17:7 Qanun. 13:5; 1Kor. 5:13

*17:14 1Şam. 8:5

*17:16 1Pad. 10:28; 2Saln. 1:16; 9:28

*17:17 1Pad. 11:1-8

*17:17 1Pad. 10:14-22,27; 2Saln. 1:15; 9:27