19
Sığınacaq şəhərlər
(Say. 35:6-34; Qanun. 4:41-43; Yeşua 20:1-9)
1 Allahınız Rəbb torpaqlarını sizə verəcəyi millətləri yox edəndə və siz onların mülkünü alıb şəhərlərində və evlərində yaşayanda 2 Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpağın mərkəzində özünüz üçün üç şəhər ayırın. 3 Bu şəhərlərə getmək üçün yollar çəkib Allahınız Rəbbin irs olaraq sizə verəcəyi ölkəni üç bölgəyə ayırın. Belə ki qətl edən bu şəhərlərdən birinə qaçsın.
4 Sağ qalmaq üçün oraya qaçan qatil haqqında – yəni qonşusu ilə əvvəlcədən ədavəti olmadan və bilmədən onu öldürən adam barədə belə bir qaydanız olsun. 5 Məsələn, odun kəsmək üçün qonşusu ilə meşəyə gedib ağac doğramaq üçün balta vuranda baltanın dəmiri sapından çıxıb qonşusuna dəyərsə və qonşusu ölərsə, ölümə bais adam bu şəhərlərdən birinə qaçıb canını qurtarsın. 6 Yoxsa qan qisasını alan qəzəblə qatilin izinə düşə bilər. Yol uzaq olarsa, çatıb onu öldürə bilər. Bu adamın öldürdüyü adamla əvvəllər heç bir ədavəti olmamışdı. Ona görə də ölüm hökmünə layiq deyil. 7 Bunun üçün “özünüzə üç şəhər seçin” deyə əmr edirəm.
8 Allahınız Rəbbi sevmək və daim Onun yolları ilə getmək üçün bu gün sizə buyurduğum bütün bu əmrlərə diqqətlə əməl etdiyiniz üçün 9 Allahınız Rəbb atalarınıza and etdiyi kimi sizin sərhədinizi genişləndirərsə və atalarınıza verməyi vəd etdiyi bütün torpaqları sizə verərsə, o zaman özünüz üçün bu üç şəhərdən əlavə üç şəhər də seçin. 10 Belə ki Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda günahsız qan tökülməsin və həm də qan tökməkdə təqsirkar olmayasınız.
11 Lakin kiminsə qonşusu ilə ədavəti varsa, pusquda durub onu izləyərsə, hücum edərək onu vurub öldürərsə və bu şəhərlərdən birinə qaçarsa, 12 bu adamın şəhərinin ağsaqqalları adam göndərib onu oradan götürüb öldürmək üçün qan qisası alana təslim etsin. 13 Ona rəhm etməyin. Günahsız qanı İsraildən təmizləyin ki, güzəranınız xoş olsun.
14 *Qanun. 27:17 Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda alacağınız mülkdə qonşunuzun əvvəlki adamlar tərəfindən qoyulan sərhədini dəyişdirməyin.
Şahidlər
15 *Say. 35:30; Qanun. 17:6; Mat. 18:16; Yəh. 19:31; 2Kor. 13:1; 1Tim. 5:19; İbr. 10:28 Bir adamı işlədə biləcəyi hər hansı bir günahda yaxud cinayətdə təqsirləndirmək üçün bir şahid kifayət deyil. Hər iddia iki yaxud üç nəfərin şahidliyi ilə təsdiq edilsin.
16 Əgər bir yalançı şahid pis məqsədlə birini təqsirləndirərsə, 17 aralarında münaqişə olan iki adam Rəbbin hüzurunda, o dövrdə xidmət edən kahinlərin və hakimlərin qarşısında dayansın. 18 Hakimlər yaxşı-yaxşı araşdırsınlar. Əgər şahid yalançıdırsa, soydaşlarına qarşı yalandan şahidlik etmişsə, 19 onda soydaşına etmək istədiyini onun öz başına gətirin. Beləliklə, aranızdan pisliyi atın. 20 Qalanları da bunu eşidib qorxacaq və bir daha bu cür pislik etməyəcəklər. 21 *Çıx. 21:23-25; Lev. 24:20; Mat. 5:38 Belə adama rəhm etməyin, can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq ödənsin.