27
Eval dağındakı qurbangah
1 Musa ilə İsrailin ağsaqqalları xalqa belə dedilər: «Bu gün sizə buyurduğum bütün əmrlərə riayət edin. 2 *Yeşua 8:30-32 İordan çayını keçib Allahınız Rəbbin sizə verəcəyi torpağa gedəndə böyük daşları dik qoyub əhəngləyin. 3 Atalarınızın Allahı Rəbbin vəd etdiyi kimi Onun sizə verəcəyi ölkəyə – süd və bal axan torpağa girəndə bu qanunun bütün sözlərini bu daşlara yazın. 4 Bu daşları bu gün sizə əmr etdiyim kimi İordan çayını keçəndən sonra Eval dağında dikəldib əhəngləyin. 5 *Çıx. 20:25 Orada Allahınız Rəbbə dəmir alət vurulmamış daşlardan bir qurbangah düzəldin. 6 Allahınız Rəbbin qurbangahını yonulmamış daşlardan düzəldib üzərində Allahınız Rəbbə yandırma qurbanları təqdim edin. 7 Ünsiyyət qurbanlarını orada kəsib yeyərək Allahınız Rəbbin önündə sevinin. 8 Bu qanunun bütün sözlərini bu daşlara aydın, oxunabilən tərzdə yazın».
9 Sonra Musa ilə Levili kahinlər bütün İsraillilərə belə müraciət etdilər: «Ey İsraillilər, sakitcə qulaq asın! Bu gündən siz Allahın xalqı oldunuz. 10 Bu gün sizə buyurduğum kimi Allahınız Rəbbin sözlərinə qulaq asıb Onun əmrlərinə, qanunlarına və qaydalarına əməl edin».
Eval dağından lənətlər
11 O gün Musa xalqa belə dedi: 12 *Qanun. 11:29; Yeşua 8:33-35 «İordan çayını keçəndə xalqa xeyir-dua vermək üçün bu qəbilələr Gerizim dağında dursun: Şimeon, Levi, Yəhuda, İssakar, Yusif, Binyamin. 13 Lənətləmək üçün bu qəbilələr Eval dağında dursun: Ruven, Qad, Aşer, Zevulun, Dan, Naftali. 14 Levililər bütün İsrail xalqına ucadan belə müraciət etsin:
15 *Çıx. 20:4; 34:17; Lev. 19:4; 26:1; Qanun. 4:15-18; 5:8 “Qoy Rəbbin iyrəndiyi, bir sənətkarın əl işi olan oyma və ya tökmə büt yaradana, gizlicə belə şeylər saxlayana lənət olsun!”
Bütün xalq cavab versin: “Amin!”
16 *Çıx. 20:12; Qanun. 5:16 “Qoy ata-anası ilə hörmətsiz rəftar edənə lənət olsun!”
Bütün xalq desin: “Amin!”
17 *Qanun. 19:14 “Qoy qonşusunun sərhədini dəyişdirənə lənət olsun!”
Bütün xalq desin: “Amin!”
18 *Lev. 19:14 “Qoy kor olanı yoldan azdırana lənət olsun!”
Bütün xalq desin: “Amin!”
19 *Çıx. 22:21; 23:9; Lev. 19:33-34; Qanun. 24:17-18 “Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!”
Bütün xalq desin: “Amin!”
20 *Lev. 18:8; 20:11; Qanun. 22:30; 1Kor. 5:1 “Qoy atasının arvadı ilə yatana lənət olsun! Çünki o, atasının nikahını ləkələmişdir”.
Bütün xalq desin: “Amin!”
21 *Çıx. 22:19; Lev. 18:23; 20:15 “Qoy hər hansı bir heyvanla cinsi əlaqəyə girənə lənət olsun!”
Bütün xalq desin: “Amin!”
22 *Lev. 18:9; 20:17 “Qoy anadan yaxud atadan bir olan bacısı ilə yatana lənət olsun!”
Bütün xalq desin: “Amin!”
23 *Lev. 18:17; 20:14 “Qoy qayınanası ilə yatana lənət olsun!”
Bütün xalq desin: “Amin!”
24 “Qoy gizlicə qonşusunu öldürənə lənət olsun!”
Bütün xalq desin: “Amin!”
25 “Qoy günahsız qan tökmək üçün rüşvət alana lənət olsun!”
Bütün xalq desin: “Amin!”
26 *Qal. 3:10 “Qoy bu Qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun!”
Bütün xalq desin: “Amin!”