11
Vəd olunan torpağa Rəbbin verəcəyi bərəkət
Allahınız Rəbbi sevin. Həmişə Onun buyruq, qayda, hökm və əmrlərinə əməl edin. Bu gün yadda saxlayın ki, Allahınız Rəbbin təlimini öyrənib sınaqdan keçirən övladlarınız deyil, sizsiniz. Onun əzəmətini, qüdrətli əlini, uzanan qolunu, *Çıx. 7:8–12:13 Misirdə firona və bütün torpağına etdiyi əlamətləri, gördüyü işləri, *Çıx. 14:28 Misir ordusuna, onların atlarına, döyüş arabalarına nə etdiyini, ardınızca düşərkən onları Qırmızı dənizin sularında necə qərq etdiyini, Rəbbin onları bu günədək davam edən bir qırğına necə düçar etdiyini və səhrada, bu yerə çatanadək sizin üçün nə etdiyini, *Say. 16:31-32 Ruvenli Eliavın oğullarına – Datana və Avirama nə etdiyini gördünüz: bütün İsraillilərin arasında yeri yardı, onları və evindəkiləri çadırları ilə bərabər onlara məxsus olan bütün canlıları uddu. Siz Rəbbin etdiyi bu əzəmətli işlərin hamısını öz gözlərinizlə görürsünüz.
Bu gün sizə buyurduğum əmrlərin hamısına əməl edin ki, qüvvətli olasınız və mülk olaraq almaq üçün İordan çayını keçəcəyiniz torpağa girib oranı zəbt edəsiniz. Rəbbin atalarınıza və onların övladlarına vəd etdiyi südlə bal axan torpaqda uzun ömür sürəsiniz. 10 Çünki mülk olaraq almaq üçün girəcəyiniz torpaq çıxmış olduğunuz Misir ölkəsinə bənzəmir. Orada toxumunuzu əkirdiniz, bostan kimi ayağınızla sulayırdınız. 11 Amma mülk olaraq almağa gedəcəyiniz torpaq dağlı-dərəli bir diyardır. Bu torpaq göydən yağış suyu içər. 12 Ora Allahınız Rəbbin lütf göstərdiyi elə bir torpaqdır ki, ilin əvvəlindən sonuna qədər Allahınız Rəbbin nəzəri altındadır.
13 *Lev. 26:3-5; Qanun. 7:12-16; 28:1-14 Rəbb deyir: “Əgər bu gün sizə buyurduğum əmrlərə yaxşı qulaq assanız, Allahınız Rəbbi sevib bütün qəlbinizlə, bütün varlığınızla ona sitayiş etsəniz, 14 o zaman Mən torpağınıza yağışı – ilk yağışla son yağışı vaxtlı-vaxtında verəcəyəm. Onda taxılınızı, təzə şərabınızı və zeytun yağınızı yığacaqsınız. 15 Çöldə heyvanlarınıza ot verəcəyəm. Siz doyunca yeyəcəksiniz”. 16 Onda məbada ürəyiniz aldansın, azmayın, başqa allahlara səcdə və sitayiş etməyin. 17 Belə etsəniz, Rəbbin sizə qarşı qəzəbi alovlanacaq. O, göyləri bağlayıb yağış yağdırmayacaq, torpağınızı məhsulsuz qoyacaq və tezliklə Rəbbin sizə verdiyi o gözəl torpaqdan yox olacaqsınız.
18 *Qanun. 6:6-9 Buna görə də mənim bu sözlərimi ürəyinizdə və ağlınızda saxlayın, qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın, 19 övladlarınıza öyrədin. Evinizdə oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danışın. 20 Onları evlərinizin qapı çərçivələrinə və darvazalarına yazın. 21 Belə etsəniz, Rəbbin atalarınıza vəd etdiyi torpaqlarda sizin də, övladlarınızın da ömrü uzun olar və göy yer üzərində durduqca orada yaşayarsınız.
22 Əməl etməniz üçün sizə buyurduğum bütün bu əmrləri diqqətlə yerinə yetirsəniz, Allahınız Rəbbi sevib Onun yolları ilə getsəniz və yalnız Ona bağlı qalsanız, 23 onda Rəbb qarşınızdan bütün millətləri qovacaq və sizdən daha böyük, daha güclü millətlərin torpaqlarını mülk olaraq alacaqsınız. 24 *Yeşua 1:3-5 Ayaq basdığınız hər yer sizin olacaq. Sərhədiniz səhradan Livana, Fərat çayından Qərb dənizinə*Qərb dənizi – Aralıq dənizi. qədər uzanacaq. 25 Sizin qarşınızda heç kim dayana bilməyəcək. Allahınız Rəbb sizə vəd etdiyi kimi ayaq basacağınız hər yerə vahimə və qorxunuzu yayacaq.
26 Budur, bu gün qarşınıza xeyir-dua və lənəti qoyuram. 27 Allahınız Rəbbin əmrlərinə, bu gün sizə buyurduğum əmrlərə qulaq assanız, xeyir-dua alacaqsınız. 28 Əgər Allahınız Rəbbin əmrlərini dinləməsəniz, tanımadığınız başqa allahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan azsanız, lənətə düçar olacaqsınız. 29 *Qanun. 27:11-14; Yeşua 8:33-35 Allahınız Rəbb mülk olaraq almaq üçün girəcəyiniz torpağa sizi aparanda Gerizim dağında xeyir-dua, Eval dağında isə lənət oxuyacaqsınız. 30 Bu iki dağ İordan çayının qarşı tayında, yolun şərqində – Aravada yaşayan Kənanlılar ölkəsində, Qilqal qarşısında, More palıdlarının yanındadır. 31 Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Oranı ələ keçirib yerləşəndə 32 bu gün önünüzə qoyacağım bütün qayda və hökmləri yerinə yetirmək üçün diqqətli olun.

*11:3 Çıx. 7:812:13

*11:4 Çıx. 14:28

*11:6 Say. 16:31-32

*11:13 Lev. 26:3-5; Qanun. 7:12-16; 28:1-14

*11:18 Qanun. 6:6-9

*11:24 Yeşua 1:3-5

*11:24 Qərb dənizi – Aralıq dənizi.

*11:29 Qanun. 27:11-14; Yeşua 8:33-35