7
Rəbb Musaya dedi: «Səni firon üçün Allah kimi qoydum, qardaşın Harun isə sənin peyğəmbərin olacaq. Mənim sənə verdiyim əmri qardaşın Haruna söylə. Qoy o da firona söyləsin ki, İsrail övladlarını ölkəsindən buraxsın! *Həv. 7:36 Lakin Mən fironun ürəyini inadkar edəcəyəm ki, Misir torpağında göstərəcəyim çoxlu əlamətlər və möcüzələrə baxmayaraq, firon sizə qulaq asmasın. Onda Mən əlimi Misir torpağına uzadıb böyük cəzalar göndərərək ordularımı – xalqım İsrail övladlarını onların arasından dəstələrlə çıxaracağam. Əlimi Misir torpağına uzadaraq İsrail övladlarını onların arasından çıxardığım vaxt Misirlilər biləcəklər ki, Rəbb Mənəm!»
Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər. Fironla danışdıqları vaxt Musanın səksən, Harunun isə səksən üç yaşı var idi.
Harunun əsası
Rəbb Musaya və Haruna dedi: «Firon sizə “məni inandırmaq üçün bir möcüzə göstərin” deyəndə Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana dönsün”».
10 Musa və Harun fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana döndü. 11 *2Tim. 3:8 Firon isə müdrik adamları və cadugərləri çağırdı. Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. 12 Hər biri öz əsasını yerə atıb ilana döndərdi, ancaq Harunun əsası onların əsalarını uddu. 13 Lakin Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı.
Birinci cəza: suyun qana dönməsi
14 Rəbb Musaya dedi: «Fironun inadkar ürəyi var, xalqı buraxmaqdan boyun qaçırır. 15 Sən sabah səhər firon suya tərəf gedəndə qarşısına çıx. İlana dönən əsanı əlinə götürüb, onu Nil çayının sahilində gözlə. 16 Sonra firona de: “İbranilərin Allahı Rəbb məni yanına göndərdi ki, sənə deyim: ‹Xalqımı burax ki, səhrada Mənə ibadət etsin!› Ancaq sən indiyə qədər qulaq asmadın, 17 *Zəb. 78:44; Vəhy 11:6; 16:4 buna görə də Rəbb belə deyir: ‹Bundan biləcəksən ki, Rəbb Mənəm. Bax mən əlimdəki əsanı Nil çayının suyuna vuracağam, onda su qana dönəcək. 18 Çayda olan balıqlar öləcək və çay iylənəcək, Misirlilər çaydan su içməyə iyrənəcəklər›”».
19 Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı götür və əlini bütün Misir çayları, arxları, gölləri, hovuzları üzərinə uzat”. Onlar qana dönsün, bundan başqa bütün Misir torpağında həm taxta, həm də daş qablarda qan olacaq».
20 Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər: fironun və onun əyanlarının qarşısında Harun əsasını qaldırdı və çaydakı suya vurdu. Nil çayındakı bütün su qana döndü; 21 çaydakı balıqlar öldü və çay iyləndi. Misirlilər buradan su içə bilmədilər. Misir torpağı qan içində idi. 22 Amma Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. 23 Firon qayıdıb öz sarayına gəldi; bu işi də ürəyinə salmadı. 24 Bütün Misirlilər Nil çayı sahilində yer qazmağa başladılar ki, içməli su tapsınlar. Çünki çayın suyundan içə bilmirdilər. 25 Rəbb çaya bəla göndərəndən sonra yeddi gün keçdi.

*7:3 Həv. 7:36

*7:11 2Tim. 3:8

*7:17 Zəb. 78:44; Vəhy 11:6; 16:4