23
Ədalət və vicdan
1 *Çıx. 20:16; Lev. 19:11-12; Qanun. 5:20 Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın. 2 Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın. 3 *Lev. 19:15 Kasıba da məhkəmədə meylini salma.
4 *Qanun. 22:1-4 Sən düşməninin azmış buğasına, inəyinə yaxud eşşəyinə rast gəlsən, sahibinə qaytarmalısan. 5 Sənə nifrət edən adamın eşşəyini yükü altında yıxılmış halda görəndə onu tərk etmə; ona kömək et ki, bu yükdən azad olsun.
6 *Lev. 19:15; Qanun. 16:19 Möhtac olan adamın məhkəmə işində ona qarşı ədaləti təhrif etmə. 7 Yalan işdən uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət qazandırmayacağam. 8 Rüşvət alma, çünki rüşvət gözüaçıqları kor edər, salehlərin sözlərini isə təhrif edər.
9 *Çıx. 22:21; Lev. 19:33-34; Qanun. 24:17-18; 27:19 Qəribə zülm etmə. Siz də qəribliyi hiss etmisiniz, çünki özünüz də Misir ölkəsində qərib idiniz.
İstirahət vaxtları və bayramlar
(Çıx. 34:18-26; Qanun. 16:1-17)
10 *Lev. 25:1-7 Altı il torpağınızı əkin və məhsulunu yığın. 11 Yeddinci il ona əl dəyməyin ki, xalqınızdan olan möhtaclar oradan yesin. Onlardan artıq qalanı isə çöl heyvanları yesin. Üzüm və zeytun bağlarınızda da belə hərəkət edin.
12 *Çıx. 20:9-11; 31:15; 34:21; 35:2; Lev. 23:3; Qanun. 5:13-14 Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin ki, mal-qaranız və eşşəyiniz rahatlansın, evinizdə doğulan qullar və qəriblər də dincəlsin. 13 Mənim sizə söylədiyim hər şeyə riayət edin. Başqa allahların adını çəkməyin, qoy o adlar sizin ağzınızdan heç vaxt çıxmasın.
14 Mənə ildə üç dəfə bayram edin: 15 *Çıx. 12:14-20; Lev. 23:6-8; Say. 28:17-25 Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunmuş vaxt yeddi gün mayasız çörək yeyin. Çünki Misirdən o ayda çıxdınız. Heç kəs önümə əliboş gəlməsin. 16 *Lev. 23:15-21; Say. 28:26-31 *Lev. 23:39-43 Tarladakı əkinin nübarı ilə Biçin bayramını qeyd edin. İlin sonunda işinin bütün məhsulunu tarladan yığıb Yığım bayramını qeyd edin. 17 İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri Rəbbin hüzuruna gəlsinlər.
18 Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Bayram qurbanımın piyi səhərə qədər qalmasın.
19 *Qanun. 26:2 *Çıx. 34:26; Qanun. 14:21 Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə bişirməyin.
Vəd və nəsihətlər
20 Budur, Mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir Mələk göndərirəm. 21 Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın. Ona qarşı üsyan qaldırmayın, O, itaətsizliyinizi bağışlamaz, çünki Mənim adım onun üzərindədir.
22 Əgər Onun səsinə qulaq asıb dediyimə əməl etsəniz, onda Mən sizin düşmənlərinizə düşmən, yağılarınıza isə yağı olacağam.
23 Mələyim qarşınızda gedəcək və sizi Emorluların, Xetlilərin, Perizlilərin, Kənanlıların, Xivlilərin və Yevusluların yanına gətirəcək; Mən onları silib atacağam. 24 Onların allahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O allahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz. 25 Siz isə Allahınız Rəbbə xidmət edin, O da çörəyinizə və suyunuza bərəkət verəcək; sizin daxilinizdən xəstəliyi yox edəcəyəm. 26 Ölkənizdə nə uşaq salan, nə də sonsuz qadın olacaq. Ömrünüzü də uzun edəcəyəm.
27 Öz dəhşətimi qarşınızca göndərirəm. Sizin aralarına getdiyiniz bütün xalqlara qarışıqlıq salacağam və bütün düşmənlərinizin dönüb sizdən qaçmasına bais olacağam. 28 Eşşəkarısını da qarşınızca göndərəcəyəm, o da Xivliləri, Kənanlıları və Xetliləri önünüzdən qovacaq. 29 Lakin bir il ərzində onları önünüzdən qovmayacağam ki, ölkə viranə qalmasın və çöl heyvanları çoxalıb sizin üstünüzə daraşmasın. 30 Yavaş-yavaş onları önünüzdən o vaxtacan qovacağam ki, siz törəyib çoxalaraq ölkənin sahibi olacaqsınız. 31 Qırmızı dənizdən Filişt dənizinə*Filişt dənizi – Aralıq dənizi. qədər, səhradan Fərat çayına qədər sərhədlərinizi çəkəcəyəm. Ölkənin sakinlərini sizə təslim edəcəyəm, siz isə onları yanınızdan qovarsınız. 32 Nə onlarla, nə də allahları ilə əhd kəsin. 33 Qoymayın ki, onlar ölkənizdə yaşasınlar və sizin Mənə qarşı günah edərək onların allahlarına ibadət etməyinizə bais olsunlar. Bu sizə tələ olacaq».
*23:1 Çıx. 20:16; Lev. 19:11-12; Qanun. 5:20
*23:6 Lev. 19:15; Qanun. 16:19
*23:9 Çıx. 22:21; Lev. 19:33-34; Qanun. 24:17-18; 27:19
*23:12 Çıx. 20:9-11; 31:15; 34:21; 35:2; Lev. 23:3; Qanun. 5:13-14
*23:15 Çıx. 12:14-20; Lev. 23:6-8; Say. 28:17-25
*23:16 Lev. 23:15-21; Say. 28:26-31
*23:19 Çıx. 34:26; Qanun. 14:21
*23:31 Filişt dənizi – Aralıq dənizi.