23
Rəbbin bayramları
Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Rəbbin təyin etdiyi bayramlar, Mənim bayramlarım bunlardır. Bu vaxt müqəddəs toplantı çağırın:
Şənbə istirahət günü
*Çıx. 20:8-10; 23:12; 31:15; 34:21; 35:2; Qanun. 5:12-14 Altı gün işinizi görün, yeddinci gün isə Şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy Rəbbin bu Şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin.
Pasxa və Mayasız Çörək bayramları
(Çıx. 12:14-20; Say. 28:16-25; Qanun. 16:1-8)
Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin.
*Çıx. 12:1-13; Qanun. 16:1-2 Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır. Həmin ayın on beşi Rəbbin Mayasız Çörək bayramıdır. Yeddi gün mayasız çörək yeyin. Birinci gün müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin. Bu yeddi gün ərzində Rəbb üçün yandırma təqdimi gətirin. Yeddinci gün isə müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin”».
İlk dərzin həsr olunması bayramı
Rəbb Musaya belə dedi: 10 «İsrail övladlarına de: “Sizə verəcəyim torpağa gəldiyiniz zaman məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahinin yanına gətirin. 11 O, dərzi Rəbbin hüzurunda yellədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu Şənbənin ertəsi günü yellətsin. 12 Dərzi yellətdiyiniz gün Rəbbə birillik qüsursuz erkək toğlu yandırma qurbanı kimi kəsin. 13 Toğlu ilə birlikdə taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş bir efanın onda ikisi olan miqdarda narın un gətirin. Bu, Rəbb üçün yandırma təqdimi – Onun xoşuna gələn ətirdir. İçmə təqdimi olaraq da bir hin şərabın dörddə birini gətirin. 14 Bu qurbanı Allahınıza təqdim etdiyiniz həmin günə qədər nə çörək, nə qovurğa, nə də təzə sünbül yeməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
Biçin bayramı
(Say. 28:26-31; Qanun. 16:9-12)
15 *Çıx. 23:16; 34:22 Şənbənin ertəsi günü olan yellədilən dərzi gətirdiyiniz gündən tam yeddi həftə, 16 yeddinci Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin. 17 Yaşadığınız hər yerdən yellədib təqdim etmək üçün bir efanın onda ikisi narın undan maya ilə bişirilmiş iki kömbə çörəyi Rəbbə nübar təqdimi gətirin. 18 Çörəklə birgə birillik yeddi qüsursuz toğlu, bir buğa və iki qoç təqdim edin. Bunlar taxıl təqdimləri və içmə təqdimləri ilə birlikdə Rəbb üçün yandırma qurbanıdır, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 19 Günah qurbanı üçün bir təkə, ünsiyyət qurbanı üçün isə iki birillik toğlu gətirin. 20 Kahin bu iki toğlunu nübar çörəyi ilə birgə Rəbbin hüzurunda yellədərək təqdim etsin. Bunlar kahinin Rəbb üçün müqəddəs payı olsun. 21 Həmin gün özünüz üçün müqəddəs toplantı elan edin və heç bir gündəlik iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
22 *Lev. 19:9-10; Qanun. 24:19-22 Torpağınızda məhsul biçəndə tarlanın qıraqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm”».
Şeypur çalınma günü
(Say. 29:1-6)
23 Rəbb Musaya dedi: 24 «İsrail övladlarına belə de: “Yeddinci ayın birinci günü sizin üçün istirahət günü, şeypur çalınma ilə qeyd olunan gün, müqəddəs toplantı günü olsun. 25 O gün heç bir gündəlik iş görməyin və Rəbb üçün yandırma təqdimi gətirin”».
Kəffarə günü
(Lev. 16:2-34; Say. 29:7-11)
26 Rəbb Musaya dedi: 27 *Lev. 16:29-34; Say. 29:7 «İsrail övladlarına de: “Yeddinci ayın onu isə Kəffarə günüdür, müqəddəs toplantınız olsun; özünüzü hər şeydən məhrum edin və Rəbb üçün yandırma təqdimi gətirin. 28 Həmin gün heç bir iş görməyin, çünki bu, Allahınız Rəbbin hüzurunda sizin üçün kəffarə edilən Kəffarə günüdür. 29 Həmin o gün özünü hər şeydən məhrum etməyən adam xalqı arasından qovulsun. 30 O gün hər hansı bir iş görən adamı Mən xalqı arasından yox edəcəyəm. 31 Heç bir iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 32 O gün sizin üçün Şənbə istirahət günü kimidir. Özünüzü hər şeydən məhrum edin. Ayın doqquzuncu günü axşamdan ertəsi günün axşamına qədər Şənbə günü kimi istirahət edin”».
Çardaqlar bayramı
(Say. 29:12-40; Qanun. 16:13-17)
33 Rəbb Musaya dedi: 34 *Say. 29:12,35 «İsrail övladlarına söylə: “Həmin yeddinci ayın on beşinci günündən Rəbb üçün yeddi gün Çardaqlar bayramını keçirin. 35 Birinci gün müqəddəs toplantı günüdür. Gündəlik işlərinizi görməyin. 36 Bu yeddi gün ərzində Rəbbə yandırma təqdimləri gətirin. Səkkizinci gün isə müqəddəs toplantınız olsun və Rəbbə yandırma təqdimləri gətirin. Bu gün təntənəli toplantı günüdür, gündəlik işlərinizi görməyin.
37 Bunlar Rəbbin təyin etdiyi bayramlardır: bu zaman müqəddəs toplantı çağırıb hər birini öz günündə olmaqla yandırma təqdimlərini – yandırma qurbanlarını, taxıl təqdimlərini, ünsiyyət qurbanlarını və içmə təqdimlərini Rəbbə gətirin. 38 Bunlar Rəbbin Şənbələrinə və Rəbbə verdiyiniz bütün ianələrə, bütün əhdlərin ödəmələrinə, bütün könüllü təqdimlərə əlavədir.
39 *Çıx. 23:16; 34:22 Üstəlik yeddinci ayın on beşinci günü torpağın məhsullarını yığandan sonra yeddi gün Rəbb üçün bayram keçirin. Birinci gün və səkkizinci gün istirahət günləri olsun. 40 Birinci gün gözəl ağacların meyvələrini, xurma ağaclarının budaqlarını, sıx yarpaqlı ağacların və çay kənarında bitən qovaq ağaclarının budaqlarını toplayıb Allahınız Rəbbin hüzurunda yeddi gün şənlik edin. 41 Hər il Rəbb üçün bu bayramı yeddi gün keçirin. Bu, nəsildən-nəslə sizin üçün əbədi qaydadır; bu bayramı yeddinci ayda qeyd edin. 42 Yeddi gün çardaqlarda qalın; bütün yerli İsraillilər çardaqlarda yaşasın. 43 Beləliklə, sizin nəsilləriniz bilsin ki, Mən İsrail övladlarını Misir torpağından çıxarandan sonra onları çardaqlarda yerləşdirdim. Allahınız Rəbb Mənəm”».
44 Beləcə Musa İsrail övladlarına Rəbbin təyin etdiyi bayramlar barəsində nəql etdi.

*23:3 Çıx. 20:8-10; 23:12; 31:15; 34:21; 35:2; Qanun. 5:12-14

*23:5 Çıx. 12:1-13; Qanun. 16:1-2

*23:15 Çıx. 23:16; 34:22

*23:22 Lev. 19:9-10; Qanun. 24:19-22

*23:27 Lev. 16:29-34; Say. 29:7

*23:34 Say. 29:12,35

*23:39 Çıx. 23:16; 34:22