35
Şənbə günü üçün qanun
Musa İsrail övladlarının bütün icmasını toplayıb onlara dedi: «Rəbb sizə bu şeylərə əməl etməyi əmr etdi. * Çıx. 20:8-11; 23:12; 31:15; 34:21; Lev. 23:3; Qanun. 5:12-14 Altı gün işlərinizi görün, yeddinci gün isə sizin Rəbb üçün müqəddəs Şənbəniz, istirahət gününüzdür. O gün iş görən hər kəs öldürülsün. Şənbə günü yaşadığınız heç bir yerdə od yandırmayın».
Müqəddəs məskən üçün ianələr
(Çıx. 25:1-9)
Musa bütün İsrail övladlarının icmasına dedi: «Rəbbin əmr etdiyi iş budur: öz aranızdan Rəbbə bir ianə toplayın. Qoy könlü istəyən hər kəs Rəbbə belə ianə gətirsin: qızıl, gümüş, tunc, bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı, çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar, efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları.
10 Aranızdakı ürəyi hikmətlə dolu hər adam gəlib Rəbbin əmr etdiyi hər şeyi düzəltsin: 11 müqəddəs məskəni, onun çadırını, örtüyünü, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini və altlıqlarını; 12 sandığı və onun şüvüllərini; kəffarə qapağını, arakəsmə pərdəsini; 13 masanı, onun şüvüllərini və bütün ləvazimatını; təqdis çörəklərini; 14 işıq verən çıraqdanı, onun ləvazimatını, çıraqlarını və işıq yağını; 15 buxur qurbangahını və şüvüllərini; məsh yağını, ətirli buxuru; məskənin girişi üçün arakəsməni; 16 yandırma qurbanları üçün qurulan qurbangahı, onun üçün tunc şəbəkəni, şüvüllərini və bütün avadanlığını; ləyəni və onun altlığını; 17 həyətin pərdələrini, dirəklərini və altlıqlarını; həyətin darvazası üçün arakəsməni; 18 məskənin payalarını; həyətin payalarını; onların iplərini; 19 müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri: kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini».
20 İsrail övladlarının bütün icması Musanın yanından çıxdı. 21 Ürəyinə toxunan və könlü istəyən hər adam gəlib Hüzur çadırı, onun inşası və müqəddəs geyimlər üçün Rəbbə ianə gətirdi. 22 Kişilər və qadınlar – könlü istəyənlərin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bilərziklər kimi bütün qızıl əşyalarını gətirdilər. Hər kəs qızılı yellətmə təqdimi kimi Rəbbə təqdim etdi. 23 Kimdə bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri və suiti dəriləri var idisə, bunları təqdim etdi. 24 Gümüş və tunc gətirən hər kəs də onu Rəbbə ianə olaraq təqdim etdi. Kimdə əbrişim ağacı var idisə, onu bütün inşa işi üçün təqdim etdi. 25 Ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər; 26 bu işi ürəkdən görmək istəyən bacarıqlı qadınlar keçi yunu əyirdilər. 27 Xalqın başçıları bunları təqdim etdilər: efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşlarını, 28 çıraq, məsh yağı, ətirli buxur üçün ətriyyatı və zeytun yağını. 29 İsrail övladlarından hər kişi, hər qadın Rəbbin Musa vasitəsilə yerinə yetirmək üçün verdiyi əmrə əsasən Rəbbə könüllü təqdimlər gətirdilər.
Müqəddəs məskən üçün ustalar
(Çıx. 31:1-11)
30 Musa İsrail övladlarına dedi: «Baxın Rəbb Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb 31 Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşdur ki, 32 o, qızılla, gümüşlə, tuncla işləməyi bacarsın, 33 daş-qaş yonsun, ağac oysun, hər cür məharətlə bacarıq göstərə bilsin. 34 Rəbb onun və Dan qəbiləsindən olan Axisamak oğlu Oholiavın ürəklərinə başqalarını öyrətmək bacarığını qoymuş, 35 ürəklərini hikmətlə doldurmuşdur ki, oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi, toxuculuq – hər cür sənəti bacara bilsinlər.

*35:2 Çıx. 20:8-11; 23:12; 31:15; 34:21; Lev. 23:3; Qanun. 5:12-14