24
Allahla İsrail arasında əhdin bağlanması
1 Rəbb Musaya dedi: «Sən, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin. 2 Sonra yalnız sən, ey Musa, Rəbbin hüzuruna yaxınlaş, o biriləri yaxınlaşmasınlar. Xalq isə səninlə buraya çıxmasın».
3 Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik». 4 Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu. 5 Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi. 6 Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. 7 O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» 8 *İbr. 9:19-20 *Mat. 26:28; Mark 14:24; Luka 22:20; 1Kor. 11:25; İbr. 9:20; 10:29 Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı».
9 Bunu edib Musa Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfərlə birgə çıxıb, 10 İsrailin Allahını gördülər. Onun ayaqları altında göy yaqutdan döşəməyə bənzər, səmanın özü kimi aydın bir şey var idi. 11 Allah İsrailin başçılarına əl qaldırmadı; onlar Allahı gördülər və yeyib-içdilər.
12 Rəbb Musaya dedi: «Mənim yanıma dağa çıx və orada dur; xalqı öyrətmək üçün qanunu və əmrləri yazdığım daş lövhələri sənə verim». 13 Musa köməkçisi Yeşua ilə Allahın dağına çıxmaq üçün qalxdı. 14 Ağsaqqallara isə dedi: «Biz geri qayıdanadək burada gözləyin. Budur, Harun və Xur yanınızdadır; kimin nə çətin işi varsa, onların yanına gedə bilər».
15 Musa bunu deyəndən sonra dağa çıxdı. Bulud dağı bürüdü. 16 Rəbbin izzəti Sina dağının üstündə məskən saldı. Bulud onu altı gün bürüdü. Yeddinci gün Rəbb Musanı buludun içindən çağırdı. 17 Rəbbin izzəti İsrail övladlarının gözündə dağın başında yandırıb-yaxan alov kimi görünürdü. 18 *Qanun. 9:9 Musa buludun içinə girib dağa çıxdı və qırx gün-qırx gecə dağda qaldı.