5
İsanın Dağüstü vəzi
1 İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. 2 İsa danışmağa başlayıb onları öyrədərək dedi:
Bəxtiyar olanlar
(Luka 6:20-23)
3 «Nə bəxtiyardır ruhən yoxsullar!
Çünki Səmavi Padşahlıq onlarındır.
4 *Yeş. 61:1-3Nə bəxtiyardır yaslı olanlar!
Çünki onlar təsəlli tapacaq.
5 *Zəb. 37:11Nə bəxtiyardır həlimlər!
Çünki onlar yer üzünü irs alacaq.
6 *Yeş. 55:1-2Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar!
Çünki onlar doyacaq.
7 Nə bəxtiyardır mərhəmətli olanlar!
Çünki onlara mərhəmət ediləcək.
8 *Zəb. 24:3-4Nə bəxtiyardır ürəyi təmiz olanlar!
Çünki onlar Allahı görəcək.
9 Nə bəxtiyardır sülhyaradanlar!
Çünki onlar Allahın övladları adlanacaq.
10 *1Pet. 3:14Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər!
Çünki Səmavi Padşahlıq onlarındır.
11 *1Pet. 4:14İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 12 *2Saln. 36:16; Həv. 7:52-53Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.
Duz və nur
13 *Mark 9:50; Luka 14:34-35Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.
14 *Yəh. 8:12; 9:5Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. 15 *Mark 4:21; Luka 8:16; 11:33Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. 16 *1Pet. 2:12Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
Qanun və Peyğəmbərlər
17 Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. 18 *Luka 16:17Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. 19 Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. 20 Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.
Hirs və qətl
21 *Çıx. 20:13; Qanun. 5:17Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. 22 Mənsə sizə deyirəm ki, qardaşına hirslənən*Hirslənən – bəzi əlyazmalarda əbəs yerə hirslənən. hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. 23 Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24 qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. 25 *Luka 12:58-59Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. 26 Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.
Zina və boşanma
27 *Çıx. 20:13; Qanun. 5:18“Zina etmə” deyildiyini eşitmisiniz. 28 Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. 29 *Mat. 18:9; Mark 9:47Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. 30 *Mat. 18:8; Mark 9:43Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.
31 *Qanun. 24:1-4; Mat. 19:7-9; Mark 10:4,11-12; Luka 16:18; 1Kor. 7:10-11“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 32 Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.
And içmək
33 *Lev. 19:12; Say. 30:2; Qanun. 23:21Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. 34 *Zəb. 48:2; Yeş. 66:1; Mat. 23:22; Yaq. 5:12Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35 nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36 Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. 37 Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.
Düşmənlərinizi sevin
(Luka 6:27-36)
38 *Çıx. 21:23-25; Lev. 24:20; Qanun. 19:21“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 39 Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. 40 Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. 41 Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. 42 Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.
43 *Lev. 19:18“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44 Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.†Sizi təqib edənlər üçün dua edin – bəzi əlyazmalarda sizi lənətləyənlərə xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi incidənlər və təqib edənlər üçün dua edin (Luka 6:27-28). 45 Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46 Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? 47 Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər‡Bütpərəstlər – bəzi əlyazmalarda Vergiyığanlar. də belə etmirmi? 48 *Lev. 19:2; Qanun. 18:13Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.
*5:12 2Saln. 36:16; Həv. 7:52-53
*5:13 Mark 9:50; Luka 14:34-35
*5:15 Mark 4:21; Luka 8:16; 11:33
*5:22 Hirslənən – bəzi əlyazmalarda əbəs yerə hirslənən.
*5:31 Qanun. 24:1-4; Mat. 19:7-9; Mark 10:4,11-12; Luka 16:18; 1Kor. 7:10-11
*5:33 Lev. 19:12; Say. 30:2; Qanun. 23:21
*5:34 Zəb. 48:2; Yeş. 66:1; Mat. 23:22; Yaq. 5:12
*5:38 Çıx. 21:23-25; Lev. 24:20; Qanun. 19:21
†5:44 Sizi təqib edənlər üçün dua edin – bəzi əlyazmalarda sizi lənətləyənlərə xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi incidənlər və təqib edənlər üçün dua edin (Luka 6:27-28).
‡5:47 Bütpərəstlər – bəzi əlyazmalarda Vergiyığanlar.