12
İsa ikiüzlülüyə qarşı xəbərdarlıq edir
(Mat. 10:26-33)
1 *Mat. 16:6; Mark 8:15Bu vaxt saysız-hesabsız adam bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldı. İsa əvvəl şagirdlərinə danışmağa başladı: «Fariseylərin mayasından, yəni ikiüzlülükdən özünüzü gözləyin. 2 *Mark 4:22; Luka 8:17Elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 3 Buna görə də qaranlıqda dediyiniz gün işığında eşidiləcək, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bəyan olunacaq.
4 Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. 5 Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun! 6 Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır. 7 Sizin başınızdakı saçlar belə, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.
8 Mən sizə deyirəm: insanlar qarşısında Məni iqrar edən hər kəsi Bəşər Oğlu da Allahın mələkləri qarşısında iqrar edəcək. 9 Amma insanlar önündə Məni inkar edən özü də Allahın mələkləri önündə inkar olunacaq. 10 *Mat. 12:31-32; Mark 3:28-29Bəşər Oğluna qarşı bir söz deyən hər kəs bağışlanacaq; amma Müqəddəs Ruha küfr edən bağışlanmayacaq.
11 *Mat. 10:19-20; Mark 13:11; Luka 21:14-15Sizi sinaqoqlara, başçıların və hökmdarların qarşısına gətirəndə özünüzü necə müdafiə edəcəyiniz və yaxud nə deyəcəyiniz barədə qayğı çəkməyin. 12 Müqəddəs Ruh sizə o anda nə deməli olduğunuzu öyrədəcək».
Var-dövlət və insan həyatı
13 İzdihamdan bir nəfər İsaya dedi: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün». 14 İsa ona belə cavab verdi: «Ey insan, Məni kim üzərinizə hakim ya vəkil qoyub?» 15 Sonra İsa onlara dedi: «Diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var-yoxunun bolluğundan asılı deyil».
16 İsa onlara bu məsəli danışdı: «Bir varlının torpağı bol məhsul verdi. 17 Bu adam ürəyində düşündü: “Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim?” 18 Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikəcəyəm. Bütün taxılımı və malımı oraya yığaram. 19 Canıma deyərəm: ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”. 20 Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?” 21 Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq».
Qayğı çəkməyin
(Mat. 6:20-21,25-34)
22 İsa Öz şagirdlərinə belə dedi: «Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. 23 Can yeməkdən, bədənsə geyinməkdən daha vacibdir. 24 Qarğalara baxın: onlar nə əkir, nə də biçir, nə anbarları, nə də zirzəmiləri var. Amma Allah onları yedizdirir. Siz quşlardan nə qədər qiymətlisiniz! 25 Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 26 Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısını çəkirsiniz? 27 *1Pad. 10:4-7; 2Saln. 9:3-6Zanbaqların necə böyüdüyünə baxın: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 28 Ey imanı az olanlar, bu gün çöldə olub sabah ocağa atılan otu Allah belə geyindirirsə, sizi geyindirəcəyi nə qədər yəqindir! 29 “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyə axtarıb narahat olmayın. 30 Çünki dünyadakı bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir. 31 Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək.
32 Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü. 33 Əmlakınızı satın və sədəqə verin. Özünüzə köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər. 34 Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq».
Bilinməyən gün və saat
(Mat. 10:34-36; 24:42-51; Mark 13:32-36)
35 *Mat. 25:1-13«Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın. 36 Toy ziyafətindən qayıdan ağasını gözləyən adamlara oxşayın. Onlar ağaları gəlib qapını döyən kimi qapını açmağa hazır olurlar. 37 Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizə doğrusunu deyirəm: o özü qurşaqlanıb qullarını süfrəyə oturdacaq və gəlib onlara xidmət edəcək. 38 Ağa istər gecəyarı, istər ondan gec, səhərə yaxın gəlib qulları oyaq görsə, o qullar necə də bəxtiyardır!
39 Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun hansı saatda gələcəyini bilsəydi, evinin yarılmasına imkan verməzdi. 40 Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək».
41 Peter dedi: «Ya Rəbb, bu məsəli ancaq bizə danışırsan, yoxsa hamıya?» 42 Rəbb cavab verdi: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı idarəçi kimdir? 43 Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! 44 Sizə həqiqəti deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. 45 Amma həmin qul ürəyində “ağam gec gələcək” deyərsə, başqa nökər və qarabaşları döyməyə, yeyib-içməyə, sərxoşluğa uymağa başlayarsa, 46 o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu sədaqətsizlərlə bir yerdə saxlayacaq.
47 Ağasının istəyini bilib hazır olmayan və onun istəyinə əməl etməyən qul çox döyüləcək. 48 Bilməyib o cəzaya layiq iş görənsə az döyüləcək. Kimə çox verilibsə, ondan çox da istəniləcək. Kimə çox tapşırılıbsa, ondan daha çox tələb olunacaq.
49 Mən yer üzünə od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı! 50 *Mark 10:38Mənim alacağım bir vəftiz var. Bu vəftiz yerinə yetib qurtaranadək nə qədər sıxıntı çəkməliyəm! 51 *Mat. 10:34-36Siz düşünürsünüz ki, Mən yer üzünə sülh gətirməyə gəlmişəm? Xeyr, sizə deyirəm ki, Mən ayrılıq gətirməyə gəlmişəm! 52 Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birindən ayrılaraq üç nəfərə qarşı iki nəfər, iki nəfərə qarşı üç nəfər olacaq. 53 *Mik. 7:6Çünki ata oğlundan, oğul atasından, ana qızından, qız anasından, qayınana gəlinindən, gəlin də qayınanasından ayrılacaq».
Əlamətləri anlamaq
(Mat. 16:2-3)
54 İsa camaata bunu da dedi: «Siz qərb tərəfdən qalxan buludu görəndə dərhal “yağış yağacaq” deyirsiniz, bu da olur. 55 Cənub küləyinin əsməsini görəndə “qızmar isti olacaq” deyirsiniz, bu da olur. 56 Ey ikiüzlülər, yer üzünün və göyün görünüşünü seçə bilirsiniz, bəs onda nə üçün indiki zamanı seçə bilmirsiniz?
57 Nə üçün düzgün olan şeyə özünüz qərar vermirsiniz? 58 *Mat. 5:25-26Səni ittiham edənlə birgə hakimin yanına gedəndə yolda ikən onunla barışmağa çalış. Yoxsa səni hakimin qabağına sürüyər, hakimsə məhkəmə icraçısına ötürər, o da səni zindana atar. 59 Sənə bunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan».