4
Səpilən toxum məsəli
(Mat. 13:1-23; Luka 8:4-15)
*Luka 5:1-3İsa gölün sahilində yenə xalqa təlim öyrətməyə başladı. Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib gölün içərisində oturdu. Bütün izdiham isə gölün sahilində dayanmışdı. İsa onlara məsəllərlə bir çox şey öyrədərək Öz təlimində belə dedi: «Qulaq asın: bir əkinçi toxum səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. Lakin günəş doğanda qarsalandı və kökü olmadığına görə qurudu. Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu və bu toxumlar bar vermədi. Başqaları isə münbit torpağa düşdü. Ona görə də böyüyüb artdı və bəzisi otuz, bəzisi altmış, bəzisi də yüz qat səmərə verdi». Daha sonra İsa dedi: «Eşitməyə qulağı olan eşitsin!»
10 İsa tək qalanda On İki şagird və ətrafında olanlar məsəllərin izahını soruşdular. 11 O onlara dedi: «Allahın Padşahlığının sirri sizə açılmışdır, amma kənarda olanlara hər şey məsəllərlə deyilir. 12 *Yeş. 6:9-10; Yəh. 12:39-40; Həv. 28:26-27Belə ki
“Gördükcə görsünlər, amma qanmasınlar,
Eşitdikcə eşitsinlər, amma anlamasınlar,
Yoxsa onlar dönüb bağışlanar”».
13 İsa onlara dedi: «Siz bu məsəli anlamırsınızmı? Bəs bütün məsəlləri necə başa düşəcəksiniz? 14 Əkinçi Allahın kəlamını əkir. 15 Daxilinə kəlam əkilən bəzi insanlar yol kənarına düşən toxumlara bənzəyir. Bunlar kəlamı eşidəndə dərhal Şeytan gəlib əkilən kəlamı götürüb aparır. 16 Daş-kəsəkli yerlərə səpilən bunlardır: kəlamı eşidəndə dərhal sevinclə qəbul edirlər. 17 Lakin onlarda kök olmadığına görə dözümləri az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar. 18 Tikanlar arasına səpilən başqaları isə bunlardır: kəlamı eşidirlər, 19 lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur. 20 Münbit torpağa səpilənlərsə bunlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verir».
Çıraq məsəli
(Luka 8:16-18)
21 *Mat. 5:15; Luka 11:33İsa onlara dedi: «Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirirsiniz? O, çıraqdana qoymaq üçün deyilmi? 22 *Mat. 10:26; Luka 12:2Elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü bir şey yoxdur ki, aydın olmasın. 23 Eşitməyə qulağı olan eşitsin!»
24 *Mat. 7:2; Luka 6:38İsa yenə onlara dedi: «Eşitdiyinizə diqqət edin: hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək. 25 *Mat. 13:12; 25:29; Luka 19:26Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq».
Cücərmiş toxum məsəli
26 Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. 27 O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. 28 Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir. 29 *Yoel 3:13; Yəh. 4:44Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir».
Xardal toxumu məsəli
(Mat. 13:31-32,34; Luka 13:18-19)
30 Sonra İsa belə dedi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə göstərək? 31 O, xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da, 32 əkiləndən sonra böyüyüb bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budaq atır ki, göydə uçan quşlar onun kölgəsində yuva qura bilər».
33 İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi; 34 onlara məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi.
İsa tufanı yatırır
(Mat. 8:23-27; Luka 8:22-25)
35 Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi: «Gəlin o biri sahilə keçək». 36 Şagirdlər camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgə apardılar; onun yanında başqa qayıqlar da var idi. 37 Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu. 38 İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?» 39 İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus, sakit ol!» Külək dayandı və dərin sükut çökdü. 40 İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?» 41 Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?»

*4:1 Luka 5:1-3

*4:12 Yeş. 6:9-10; Yəh. 12:39-40; Həv. 28:26-27

*4:21 Mat. 5:15; Luka 11:33

*4:22 Mat. 10:26; Luka 12:2

*4:24 Mat. 7:2; Luka 6:38

*4:25 Mat. 13:12; 25:29; Luka 19:26

*4:29 Yoel 3:13; Yəh. 4:44