19
Boşanma haqqında
(Mark 10:1-12)
1 İsa söhbətini bitirdikdən sonra Qalileyadan çıxıb Yəhudeyanın İordan çayının o biri tayında yerləşən bölgəsinə getdi. 2 Böyük bir izdiham Onun ardınca gəldi. İsa orada onlara şəfa verdi.
3 Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?» 4 *Yar. 1:27; 5:2İsa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı” və dedi: 5 *Yar. 2:24“Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq”? 6 Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın». 7 *Qanun. 24:1-4; Mat. 5:31Fariseylər İsaya belə dedilər: «Onda Musa nə üçün bir talaq kağızı verərək arvadını boşamağı əmr etdi?» 8 İsa onlara dedi: «Ürəyinizin inadkar olduğuna görə Musa arvadlarınızı boşamağınıza icazə verdi. Amma başlanğıcdan belə deyildi. 9 *Mat. 5:32; Luka 16:18; 1Kor. 7:10-11Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa, hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən kəs zina edir».*Zina edir – bəzi əlyazmalarda zina edir. Ərindən boşanmış qadınla evlənən də zina edir (Luka 16:18).
10 Şagirdləri İsaya dedilər: «Əgər ərlə arvad arasındakı münasibət belə isə, deməli, evlənməmək daha yaxşıdır». 11 Amma İsa onlara dedi: «Hər adam bu sözü qəbul edə bilməz, ancaq bu qabiliyyətin verildiyi adamlar qəbul edə bilər. 12 Çünki elələri var ki, anadangəlmə xədimdir, elələri var ki, insanlar tərəfindən xədim ediliblər, elələri də var ki, Səmavi Padşahlıq uğrunda özlərini xədim sayırlar. Bunu qəbul edə bilən qəbul etsin».
İsa uşaqlara xeyir-dua verir
(Mark 10:13-16; Luka 18:15-17)
13 O zaman uşaqlar İsanın yanına gətirildi ki, İsa onların üzərinə əllərini qoyub dua etsin. Şagirdlər isə onlara qadağan etdilər. 14 Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur». 15 İsa onların üzərinə əllərini qoyub oradan getdi.
Var-dövlət və Səmavi Padşahlıq
(Mark 10:17-31; Luka 18:18-30)
16 Bir adam İsanın yanına gəlib dedi: «Müəllim,†Müəllim – bəzi əlyazmalarda Ey yaxşı Müəllim. mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?» 17 İsa ona dedi: «Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır.‡Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır – bəzi əlyazmalarda Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur (Mark 10:18; Luka 18:19). Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et». 18 *Çıx. 20:12-16; Qanun. 5:16-20; Lev. 19:18O adam İsadan «Hansı əmrlərə?» deyə soruşdu. İsa da dedi: «“Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. 19 Ata-anana hörmət et”. Həmçinin “qonşunu özün kimi sev”».
20 Cavan adam İsaya dedi: «Bunların hamısına riayət etmişəm,§Riayət etmişəm – bəzi əlyazmalarda Gəncliyimdən bəri riayət edirəm (Mark 10:20; Luka 18:21). daha nəyim çatışmır?» 21 İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». 22 Lakin cavan adam bu sözü eşitdikdə kədərlənib getdi, çünki var-dövləti çox idi.
23 İsa şagirdlərinə dedi: «Sizə doğrusunu deyirəm: varlı adamın Səmavi Padşahlığa daxil olması çətindir. 24 Yenə sizə deyirəm ki, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». 25 Bunu eşidən şagirdlər çox təəccüblənərək dedilər: «Elə isə, kim xilas ola bilər?» 26 İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hər şey mümkündür».
27 Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?» 28 *Mat. 25:31; Luka 22:30İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: hər şey yeniləşəndə, Bəşər Oğlu izzətli taxtına oturanda Mənim ardımca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız. 29 Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını**Ya anasını – bəzi əlyazmalarda ya anasını ya arvadını. ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq. 30 *Mat. 20:16; Luka 13:30Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq.
*19:7 Qanun. 24:1-4; Mat. 5:31
*19:9 Mat. 5:32; Luka 16:18; 1Kor. 7:10-11
*19:9 Zina edir – bəzi əlyazmalarda zina edir. Ərindən boşanmış qadınla evlənən də zina edir (Luka 16:18).
†19:16 Müəllim – bəzi əlyazmalarda Ey yaxşı Müəllim.
‡19:17 Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır – bəzi əlyazmalarda Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur (Mark 10:18; Luka 18:19).
*19:18 Çıx. 20:12-16; Qanun. 5:16-20; Lev. 19:18
§19:20 Riayət etmişəm – bəzi əlyazmalarda Gəncliyimdən bəri riayət edirəm (Mark 10:20; Luka 18:21).
**19:29 Ya anasını – bəzi əlyazmalarda ya anasını ya arvadını.