YARADILIŞ
KİTABI
GİRİŞ
«Yaradılış» Kitabı Tövratın birinci kitabıdır. Bu kitab həm də bəşər tarixində ən qədim kitablardan biridir. «Yaradılış» Kitabının ilk fəsillərində göy və yerin yaranması, dünyada canlı aləmin meydana gəlməsi barədə danışılır və bu fəsillərin mövzusu əsasında da kitab belə adlanır. Burada Allahın dünya və insanı yaratmasından, ideal mühitdə yaşayan insanın günaha batması və günahın get-gedə artıb çoxalmasından bəhs olunur. Kitabda təsvir olunan mövzular bəşər tarixinin təşəkkülünü, sivilizasiyanın meydana gəlməsini, qədim dünyanın ayrı-ayrı tarixi simalarının və xalqlarının fəaliyyətini əhatə edir.
«Yaradılış» Kitabı şərti olaraq iki əsas hissəyə bölünə bilər: birinci hissə (1:1–11:9) dünyanın yaranması və bəşərin qədim tarixi, ikinci hissə (11:10–50:26) isə İsrail xalqının əcdadları barədə hekayətlərdən ibarətdir.
«Yaradılış» Kitabının əsas ideyasını kamil yaranmış, lakin günaha bataraq maddi və mənəvi problemlərə düçar olmuş insanın Allah fəaliyyəti nəticəsində ruhani məqsədlərə istiqamətləndirilməsi fikri təşkil edir. Bu kitabda Allahın bütün varlıq üzərində hakimiyyətə malik olması və bəşər tarixini Öz məqsədinə – seçilmiş ruhani xalqın xilasına doğru yönəltməsi ideyaları xüsusi vurğulanır.
Kitabın məzmunu:
1:1–2:25 Kainatın və insanın yaranmas
3:1-24 İnsanın günaha batması
4:1–5:32 Adəmdən Nuha qədər
6:1–10:32 Nuh və daşqın
11:1-9 Babil qülləsi
11:10-32 Samdan İbrahimə qədər
12:1–35:29 Əcdadlar: İbrahim, İshaq, Yaqub
36:1-43 Esavın nəsli
37:1–45:28 Yusif və onun qardaşları
46:1–50:26 İsraillilər Misirdə
1
Dünyanın yaranması
1 *Yəh. 1:1-3; İbr. 11:3 Başlanğıcda Allah göyləri və yeri yaratdı. 2 Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı.
3 *2Kor. 4:6 Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. 4 Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. 5 Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi.
6 *2Pet. 3:5 Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın». 7 Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. 8 Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi.
9 Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu. 10 Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır.
11 Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. 12 Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. 13 Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi.
14 Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin. 15 Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu. 16 Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi. 17 Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın, 18 gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır. 19 Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi.
20 Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun». 21 Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. 22 Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın». 23 Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi.
24 Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu. 25 Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
26 *1Kor. 11:7 Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin». 27 *Yar. 5:2; Mat. 19:4-5; Mark 10:6 *Yar. 5:1-2 Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. 28 Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin». 29 Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız. 30 Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu. 31 Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.