30
Əhdlər
Musa İsrail övladlarının qəbilə başçılarına dedi: «Rəbb belə əmr etmişdir: *Qanun. 23:21-23; Mat. 5:33 bir kişi Rəbbə əhd edərək yaxud and içərək öhdəsinə nə isə götürərsə, verdiyi sözü pozmasın, ağzından çıxan hər şeyi yerinə yetirsin.
Əgər atasının evində yaşayan gənc qız Rəbbə əhd edib öhdəsinə nə isə götürərsə, lakin atası onun əhdini və öhdəsinə götürdüyü şeyi eşidəndə ona qarşı çıxmazsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylərin hamısı qüvvədə qalar. Amma atası bunları eşidən gün mane olarsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar, çünki atası mane olmuşdur.
Əgər qız əhd yaxud düşünmədən öhdəsinə bir şey götürdükdən sonra ərə gedərsə, bunu eşidən əri həmin gün ona qarşı çıxmazsa, onun etdiyi əhdlər və düşünmədən öhdəsinə götürdüyü şeylər qüvvədə qalar. Amma əri bunu eşidən gün mane olarsa, gəlinin etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar.
Dul yaxud boşanan qadının əhdi və öhdəsinə götürdüyü hər şey qüvvədə qalar.
10 Əgər ərli bir qadın əhd edər yaxud öhdəsinə nə isə götürərsə, 11 əri bunu eşidəndə ona qarşı çıxmayıb mane olmazsa, qadının bütün əhdləri yaxud öhdəsinə götürdüyü şeylər qüvvədə qalar. 12 Amma əri bunları eşidən gün ona mane olarsa, qadının bütün əhdləri və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Əri mane olduğu üçün Rəbb qadını bağışlayar. 13 Əri qadının özünü məhrum etmək üçün etdiyi əhdləri yaxud and içərək öhdəsinə götürdüyü şeyləri təsdiq edə bilər ya da mane ola bilər. 14 Əgər əri bir gün içində bu barədə ona qarşı çıxmazsa, bütün əhdləri yaxud öhdəliklərini təsdiqləmiş olur. Onları eşidən gün qadına qarşı çıxmamaqla təsdiqləmiş sayılar. 15 Əgər onları eşitdikdən bir müddət sonra mane olursa, qadının cəzasını əri çəkər».
16 Kişi ilə arvadı, atası ilə onun evində yaşayan gənc qızı arasında münasibət barədə Rəbbin Musaya əmr etdiyi qaydalar bunlardır.

*30:2 Qanun. 23:21-23; Mat. 5:33