9
1 İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək».
İsanın görünüşü dəyişir
(Mat. 17:1-13; Luka 9:28-36)
2 *Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi.
3 Onun libası göz qamaşdırıcı ağ rəng aldı. Yer üzündə heç bir paltar təmizləyən onu belə ağ edə bilməzdi.
4 O an İlyas və Musa onlara göründü. Onlar İsa ilə söhbət edirdi.
5 Peter sözə başlayıb İsaya dedi: «Rabbi! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün».
6 O bilmirdi ki, nə desin, çünki onları dəhşət bürümüşdü.
7 *Bu zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!»
8 Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa kimsəni görmədilər.
9 Dağdan enərkən İsa şagirdlərinə qadağan etdi ki, Bəşər Oğlu ölülər arasından dirilənə qədər orada gördüklərini heç kimə deməsinlər.
10 Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-birlərindən soruşdular ki, ölülər arasından dirilmək nə deməkdir.
11 *Ondan soruşdular: «Elə isə niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»
12 İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır?
13 Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər».
Oğlandan cin çıxarılır
(Mat. 17:14-20; Luka 9:37-43)
14 Onlar şagirdlərin yanına gələndə böyük bir izdihamın toplaşdığını və bir neçə ilahiyyatçının şagirdlərlə mübahisə etdiyini gördülər.
15 İsanı görən kimi bütün izdihamı heyrət bürüdü və qarşısına qaçıb Onu salamladılar.
16 İsa adamlardan soruşdu: «Onlarla nə barədə mübahisə edirsiniz?»
17 Camaat arasından biri Ona cavab verdi: «Müəllim! Mən Sənin yanına lallıq ruhuna tutulmuş oğlumu gətirmişəm.
18 Ruh onu harada tutursa, yerə çırpır, uşağın ağzı köpüklənir, dişlərini qıcıdır və qıc olur. Şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar».
19 İsa da cavabında onlara dedi: «Ey imansız nəsil! Nə vaxta qədər sizinlə qalacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı yanıma gətirin!»
20 Uşağı Onun yanına gətirdilər və İsanı görən kimi ruh dərhal uşağı sarsıtdı. Uşaq yerə yıxılıb yuvarlanırdı və ağzından köpük daşırdı.
21 İsa onun atasından soruşdu: «Bu uşaq nə vaxtdan belə hala düşüb?» Uşağın atası dedi: «Körpəlikdən bəri.
22 Bu ruh onu həlak etmək üçün dəfələrlə oda və suya atıb. Amma bacarırsansa, bizə kömək et, bizə rəhmin gəlsin!»
23 İsa ona dedi: «“Bacarırsansa” nə sözdür?
* İman edən üçün hər şey mümkündür!»
24 Uşağın atası dərhal fəryad qopararaq dedi: «İman edirəm,
† kömək et ki, imansızlığım yox olsun!»
25 İsa camaatın qaçıb gəldiyini görəndə natəmiz ruha qadağan edib dedi: «Ey lallıq və karlıq ruhu, Mən sənə əmr edirəm, bu uşağın içindən çıx və bir daha ora girmə!»
26 Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü və çoxları dedi: «O öldü!»
27 Lakin İsa uşağın əlindən tutub qaldırdı və o, ayağa qalxdı.
28 İsa evə girəndən sonra şagirdləri təklikdə Ondan soruşdular: «Bəs nə üçün biz o ruhu qova bilmədik?»
29 İsa onlara cavab verdi: «Bu cür ruhlar yalnız dua ilə
‡ çıxa bilər».
İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir
(Mat. 17:22-23; Luka 9:43-45)
30 Onlar oranı tərk edib Qalileyadan keçirdilər. İsa istəmirdi ki, kimsə bundan xəbər tutsun. 31 Çünki şagirdlərinə təlim öyrədirdi. Onlara belə deyirdi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək və Onu öldürəcəklər. Öldürüldükdən üç gün sonra O diriləcək». 32 Lakin şagirdlər bu sözü başa düşmədilər və Ondan soruşmaqdan da qorxurdular.
Ən böyük kimdir?
(Mat. 18:1-9; Luka 9:46-50; 17:1-2)
33 Onlar Kefernahuma gəldilər. İsa evdə olanda şagirdlərdən soruşdu: «Yol boyu nə barədə mübahisə edirdiniz?»
34 *Heç kim dillənmədi, çünki yol boyu öz aralarında kimin ən böyük olması barədə mübahisə etmişdilər.
35 *İsa oturub On İki şagirdi yanına çağıraraq dedi: «Əgər bir kəs birinci olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olsun».
36 *O, balaca bir uşağı götürüb şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi:
37 «Kim Mənim adımla belə uşaqlardan birini qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni yox, Məni Göndərəni qəbul edər».
38 Yəhya Ona dedi: «Müəllim, biz Sənin adınla
§ cinləri qovan bir nəfəri gördük, amma bizim ardımızca gəlmədiyinə görə ona mane olduq».
39 İsa onlara dedi: «Ona mane olmayın! Elə bir adam yoxdur ki, Mənim adımla möcüzə göstərsin və sonra Məni pisləsin.
40 *Çünki əleyhimizə olmayan bizim tərəfimizdədir.
41 *Məsihə məxsus olduğunuz üçün kim sizə bir kasa su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq.
42 Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar.
43 *Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata şikəst olaraq daxil olmağın iki əllə cəhənnəmə, sönməz oda düşməyindən yaxşıdır.
44 ** 45 Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın iki ayaqla cəhənnəmə atılmağından yaxşıdır.
46 †† 47 *Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək gözlə Allahın Padşahlığına daxil olmağın iki gözlə cəhənnəmə atılmağından yaxşıdır.
48 *Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür.
49 *Çünki hamı odla duzlanacaq.
‡‡ 50 *Duz yaxşı şeydir, amma əgər duz dadsız olarsa, ona nə ilə dad vermək olar? Qoy sizdə duz və aranızda da sülh olsun».