3
Vəftizçi Yəhyanın gəlişi
(Mat. 3:1-12; Mark 1:1-8; Yəh. 1:19-28)
Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat Yəhudeyanın valisi idi. Hirod*Hirod – bu Hirod İsanın anadan olan vaxtında hökmranlıq edən padşah Hirodun oğludur. Qalileyada, qardaşı Filip İtureya və Traxonitis bölgəsində, Lisaniya Abileniyada hökmranlıq edirdi. Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu. O da İordan çayının ətrafındakı bütün bölgəni dolaşaraq insanların öz günahlarının bağışlanması üçün tövbə edib vəftiz olunmasını vəz edirdi. *Yeş. 40:3-5Necə ki Yeşaya peyğəmbərin kitabında yazılıb:
«Səhrada nida edənin səsi gəlir:
“Rəbbin yolunu hazırlayın,
Onun keçəcəyi yerləri düz edin.
Hər dərə yüksəldiləcək,
Hər dağ və təpə aşağı endiriləcək,
Yoldakı əyriliklər düzələcək,
Kələ-kötür yerlər hamar ediləcək.
Bütün bəşər Allahın xilasını görəcək”».
*Mat. 12:34; 23:33Yəhya vəftiz olunmaq üçün yanına gələn camaata deyirdi: «Ey gürzələr nəsli! Üzərinizə gələcək qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? *Yəh. 8:33İndi isə tövbəyə layiq bəhrələr verin. Ürəyinizdə “atamız İbrahimdir” deməyə başlamayın. Mən sizə deyirəm ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. *Mat. 7:19Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır».
10 Camaat ondan soruşurdu: «Bəs biz nə edək?» 11 Yəhya onlara belə cavab verdi: «İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün». 12 *Luka 7:29Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdular: «Müəllim, biz nə edək?» 13 Yəhya onlara dedi: «Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın». 14 Bəzi əsgərlər də gəlib ondan soruşdular: «Bəs biz nə etməliyik?» Yəhya da onlara cavab verdi: «Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin».
15 Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: «Görəsən bu, Məsihdirmi?» 16 Yəhya onların hamısına belə cavab verdi: «Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 17 Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq».
18 Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi. 19 *Mat. 14:3-4; Mark 6:17-18Amma Yəhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına və etdiyi hər cür pis işlərə görə məzəmmət etdikdə 20 Hirod etdiyi bütün pis işlərə bunu da əlavə edərək Yəhyanı zindana saldırdı.
İsanın vəftiz olunması
(Mat. 3:13-17; Mark 1:9-11)
21 *Yar. 22:2; Zəb. 2:7; Yeş. 42:1; Mat. 3:17; Mark 1:11; Luka 9:35Bütün xalq vəftiz olunanda İsa da vəftiz olundu. O dua edərkən göy yarıldı, 22 Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».
İsanın nəsil şəcərəsi
(Mat. 1:1-17)
23 İsa Öz xidmətinə başlayanda təxminən otuz yaşında idi. İnsanların zənnincə, O bu nəsildən idi: Yusif Oğlu Eli oğlu 24 Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu 25 Mattitya oğlu Amos oğlu Nahum oğlu Hasli oğlu Naqqay oğlu 26 Mahat oğlu Mattitya oğlu Şimi oğlu Yoseh oğlu Yoda oğlu 27 Yoxanan oğlu Reşa oğlu Zerubbabil oğlu Şealtiel oğlu Neri oğlu 28 Melki oğlu Addi oğlu Kosam oğlu Elmadam oğlu Er oğlu 29 Yeşua oğlu Eliezer oğlu Yorim oğlu Mattat oğlu Levi oğlu 30 Şimeon oğlu Yəhuda oğlu Yusif oğlu Yonam oğlu Elyaqim oğlu 31 Melea oğlu Menna oğlu Mattata oğlu Natan oğlu Davud oğlu 32 Yessey oğlu Oved oğlu Boaz oğlu Salmon oğlu Naxşon oğlu 33 Amminadav oğlu Admin oğlu Arni oğluAdmin oğlu Arni oğlu – bəzi əlyazmalarda Ram oğlu. Xesron oğlu Peres oğlu Yəhuda oğlu 34 Yaqub oğlu İshaq oğlu İbrahim oğlu Terah oğlu Naxor oğlu 35 Seruq oğlu Reu oğlu Peleq oğlu Ever oğlu Şelah oğlu 36 Qenan oğlu Arpakşad oğlu Sam oğlu Nuh oğlu Lemek oğlu 37 Metuşelah oğlu Xanok oğlu Yered oğlu Mahalalel oğlu Qenan oğlu 38 Enoş oğlu Şet oğlu Adəm oğlu Allah oğlu.

*3:1 Hirod – bu Hirod İsanın anadan olan vaxtında hökmranlıq edən padşah Hirodun oğludur.

*3:4 Yeş. 40:3-5

*3:7 Mat. 12:34; 23:33

*3:8 Yəh. 8:33

*3:9 Mat. 7:19

*3:12 Luka 7:29

*3:19 Mat. 14:3-4; Mark 6:17-18

*3:21 Yar. 22:2; Zəb. 2:7; Yeş. 42:1; Mat. 3:17; Mark 1:11; Luka 9:35

3:33 Admin oğlu Arni oğlu – bəzi əlyazmalarda Ram oğlu.