4
İsanın sınağa çəkilməsi
(Mat. 4:1-11; Mark 1:12-13)
1 İsa Müqəddəs Ruhla dolaraq İordan çayından qayıtdı və Ruh tərəfindən səhraya aparıldı. 2 Orada İsa qırx gün ərzində iblis tərəfindən sınağa çəkildi. Bu müddətdə İsa heç nə yemədi və qırx gün keçəndən sonra acdı. 3 İblis Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşa əmr et ki, çörəyə dönsün». 4 *Qanun. 8:3Lakin İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə yaşamaz”*İnsan yalnız çörəklə yaşamaz – bəzi əlyazmalarda İnsan yalnız çörəklə deyil, Allahın hər bir kəlməsi ilə yaşayar (Mat. 4:4). deyə yazılmışdır».
5 Sonra iblis İsanı yuxarıya†Yuxarıya – bəzi əlyazmalarda yüksək bir dağa. çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. 6 İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. 7 Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənin olacaq». 8 *Qanun. 6:13İsa ona belə cavab verdi: «“Allahın‡Verdi: «“Allahın – bəzi əlyazmalarda verdi: «Şeytan, rədd ol yanımdan! “Allahın. Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».
9 Sonra iblis Onu Yerusəlimə apardı və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, özünü buradan aşağı at. 10 *Zəb. 91:11Axı
“Allah Sənə görə mələklərinə əmr edər ki,
Səni qorusunlar,
11 *Zəb. 91:12Səni əlləri üstündə aparsınlar,
Ayağın bir daşa dəyməsin”
deyə yazılmışdır». 12 *Qanun. 6:16Amma İsa cavabında ona belə dedi: «“Allahın Rəbbi sınama” deyilmişdir».
13 İblis sınaqların hamısını qurtarandan sonra bir müddət Onu tərk etdi.
İsa xidmətinə başlayır
(Mat. 4:12-17; Mark 1:14-15)
14 İsa Ruhun qüdrəti ilə Qalileyaya qayıtdı. Onun haqqında xəbər bütün bölgəyə yayıldı. 15 İsa oranın sinaqoqlarında təlim öyrətməyə başladı. Hamı Onu izzətləndirirdi.
İsa Nazaretdə rədd edilir
(Mat. 13:53-58; Mark 6:1-6)
16 İsa böyüdüyü Nazaret şəhərinə gəldi və adətinə görə Şənbə günü sinaqoqa getdi. O, Müqəddəs Yazılardan oxumaq üçün ayağa qalxdı. 17 Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı:
18 *Yeş. 61:1-3«Rəbbin Ruhu üzərimdədir,
Çünki fəqirlərə Müjdəni bildirmək üçün
O Məni məsh etdi.
Əsirlərə azadlıq,§Əsirlərə azadlıq – bəzi əlyazmalarda Qəlbi sınıq olanları sağalmaq üçün, Əsirlərə azadlıq.
Korlara gözlərinin açılmasını elan etmək üçün,
Məzlumları sərbəstliyə buraxmaq üçün,
19 Rəbbin lütf ilini bəyan etmək üçün
Məni göndərdi».
20 Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı. 21 İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı.
22 Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdilər. 23 İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şəfa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz». 24 *Yəh. 4:44Sonra dedi: «Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz. 25 *1Pad. 17:1Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi. 26 *1Pad. 17:8-16Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi. 27 *2Pad. 5:1-14Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu».
28 Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi. 29 Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər. 30 Amma İsa onların arasından keçərək oradan çıxıb getdi.
İsa Kefernahum sinaqoqunda cini qovur
(Mark 1:21-28)
31 İsa Qalileyanın Kefernahum şəhərinə gəldi və Şənbə günü onlara təlim öyrətməyə başladı. 32 *Mat. 7:28-29Onun təliminə təəccüblənirdilər, çünki O, səlahiyyətlə danışırdı. 33 Həmin vaxt sinaqoqda cinə – natəmiz ruha tutulmuş bir nəfər var idi. O ucadan çığırdı: 34 «Nə olub? Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm Sən Kimsən: Allahın Müqəddəsisən!» 35 Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» Cin bu adamı hamının qabağında yerə yıxıb heç bir zərər vermədən ondan çıxdı. 36 Hamı heyrətə düşdü və bir-birinə dedi: «Bu söz nədir? O, natəmiz ruhlara səlahiyyət və qüdrətlə əmr edir, onlar da çıxır!» 37 İsa haqqında xəbər bu bölgənin hər yerinə yayıldı.
İsa çox adama şəfa verir
(Mat. 8:14-17; Mark 1:29-34)
38 İsa sinaqoqdan çıxıb Şimonun evinə gəldi. Şimonun qayınanası isə yüksək qızdırma içində yatırdı. Bu qadından ötrü İsadan kömək istədilər. 39 İsa ona yaxınlaşıb qızdırma xəstəliyinə qadağan etdi və qadının qızdırması düşdü. Qadın o anda durub onlara xidmət etməyə başladı.
40 Gün batanda hamı müxtəlif xəstəliyə tutulanları İsanın yanına gətirdi. O hər birinin üzərinə əllərini qoyub onlara şəfa verdi. 41 Bir çoxlarındansa cinlər «Sən Allahın Oğlusan!» deyə bağıraraq çıxırdı. O isə onlara qadağan edir, danışmağa izin vermirdi. Çünki onlar İsanın Məsih olduğunu bilirdilər.
İsa vəzini davam etdirir
(Mark 1:35-39)
42 Səhər açılanda İsa çıxıb kimsəsiz bir yerə getdi. Camaat isə Onu axtarırdı və İsanın yanına gəlib onları tərk etməsin deyə Onu yanlarında saxlamaq istədilər. 43 Lakin İsa onlara dedi: «Mən o biri şəhərlərə də Allahın Padşahlığının Müjdəsini yaymalıyam, çünki Mən bunun üçün göndərilmişəm». 44 Beləliklə, İsa Yəhudeyanın**Yəhudeyanın – bəzi əlyazmalarda Qalileyanın. sinaqoqlarında vəz etməyə davam etdi.
*4:4 İnsan yalnız çörəklə yaşamaz – bəzi əlyazmalarda İnsan yalnız çörəklə deyil, Allahın hər bir kəlməsi ilə yaşayar (Mat. 4:4).
†4:5 Yuxarıya – bəzi əlyazmalarda yüksək bir dağa.
‡4:8 Verdi: «“Allahın – bəzi əlyazmalarda verdi: «Şeytan, rədd ol yanımdan! “Allahın.
§4:18 Əsirlərə azadlıq – bəzi əlyazmalarda Qəlbi sınıq olanları sağalmaq üçün, Əsirlərə azadlıq.
**4:44 Yəhudeyanın – bəzi əlyazmalarda Qalileyanın.