8
Rəbbi unutmayın
Bu gün sizə buyurduğum bütün əmrləri yerinə yetirməyə çalışın. Onda yaşayıb çoxalar və Rəbbin atalarınıza vəd etdiyi torpağa daxil olub irs olaraq oranı alarsınız. Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox. * Mat. 4:4; Luka 4:4 Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar. Bu qırx il ərzində paltarınız yırtılıb dağılmadı, ayaqlarınız şişmədi. Bunu ürəkdən dərk edin ki, insan öz övladına necə tərbiyə verirsə, Allahınız Rəbb də sizə elə tərbiyə verir. Allahınız Rəbbin əmrlərinə riayət edib Onun yolları ilə gedin və Ondan qorxun. Çünki Allahınız Rəbb sizi gözəl torpağa – çay və gölləri olan, dərə və təpələrində bulaqlar çağlayan yerlərə aparır. O torpaq buğda, arpa, üzüm, əncir, nar, yağlı zeytun və bal yetirir. Ora elə bir torpaqdır ki, orada qıtlıqla çörək yeməyəcək və heç nəyə möhtac olmayacaqsınız; daşlarından dəmir, dağlarından isə mis çıxara biləcəksiniz. 10 Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz.
Təkəbbürdən çəkinin
11  * Huşə 13:5-6 Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin. 12 Yeyib doyanda, gözəl evlər tikib içərisində oturanda, 13 naxırınız, sürünüz çoxalanda, qızıl-gümüşünüz və hər şeyiniz artanda 14 ürəyiniz qürurla dolmasın. Diqqət edin ki, sizi Misir torpağından – köləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız. 15 Rəbb sizi o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı. 16 Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı. Xoş güzəranınız olsun deyə təkəbbürünüzü qıraraq sizi sınaqdan keçirdi. 17 Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” deməyəsiniz. 18 Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin.
19 Əgər Allahınız Rəbbi unudub başqa allahların ardınca getsəniz, onlara sitayiş edərək səcdə etsəniz, bu gün sizin qarşınızda şəhadət edirəm ki, mütləq məhv olacaqsınız! 20 Allahınız Rəbbin sözünə qulaq asmasanız, Rəbb sizin qarşınızdan millətləri yox etdiyi kimi sizi də yox edəcək.

*8:3 Mat. 4:4; Luka 4:4

*8:11 Huşə 13:5-6