17
İlyasın quraqlıq barədə xəbərdarlığı
1 *Yaq. 5:17 Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq».
2 Ona Rəbbin bu sözü nazil oldu: 3 «Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən. 4 Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim». 5 O, Rəbbin sözünə əməl etdi və İordan çayının şərqində olan Kerit vadisinə gedib orada qaldı. 6 Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi. 7 Bir müddət sonra vadi qurudu, çünki ölkədə yağış yağmırdı.
İlyas və Sarfatlı qadın
8 İlyasa Rəbbin bu sözü nazil oldu: 9 *Luka 4:25-26 «Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim». 10 O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim». 11 Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al». 12 Qadın dedi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik». 13 İlyas ona dedi: «Qorxma, get söylədiyin kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan. 14 Çünki İsrailin Allahı Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”». 15 Qadın gedib İlyasın sözünə əməl etdi. Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər. 16 İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı.
17 Bundan sonra ev sahibi qadının oğlu xəstələndi, xəstəliyi də çox ağır oldu, belə ki onun heç nəfəsi gəlmirdi. 18 Qadın İlyasa dedi: «Mən sənə nə etdim, ey Allah adamı? Günahımı xatırlatmaq və oğlumu öldürmək üçün yanıma gəlmisən?» 19 İlyas ona dedi: «Oğlunu mənə ver». Uşağı qadının qucağından götürüb özünün qaldığı yuxarı otağa çıxartdı və onu öz yatağının üstünə uzandırdı. 20 O, Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, yanında qaldığım dul qadının oğlunu öldürməklə onun başına bəla gətirirsən?» 21 Sonra uşağın üstünə üç dəfə uzandı və Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, Sənə yalvarıram, qoy bu uşağın canı özünə qayıtsın». 22 Rəbb İlyasın səsini eşitdi: uşağın canı özünə qayıtdı və o dirildi. 23 İlyas uşağı götürüb yuxarı otaqdan evə düşürtdü və onu anasına verib dedi: «Bax oğlun sağdır». 24 Qadın İlyasa dedi: «İndi bildim ki, sən Allah adamısan və sənin ağzında Rəbbin sözü haqdır».