18
İlyas və Avdiya
1 Uzun müddət sonra, quraqlığın üçüncü ilində İlyasa Rəbbin bu sözü nazil oldu: «Get, Axava görün. Mən torpağın üzərinə yağış verəcəyəm». 2 İlyas Axava görünmək üçün getdi. O vaxt Samariyada şiddətli aclıq idi. 3 Axav saray rəisi olan Avdiyanı çağırdı. Avdiya Rəbdən çox qorxurdu. 4 İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman Avdiya peyğəmbərlərdən yüz nəfəri aparıb onları əlli-əlli olaraq mağaralarda gizlətmiş, çörək və su ilə təmin etmişdi. 5 Axav Avdiyaya dedi: «Ölkədə olan bütün su mənbələrinə və vadilərə get. Bəlkə ot tapdıq, atları və qatırları salamat saxladıq, heyvanlar da tələf olmadı». 6 Onlar ölkəni aralarında böldülər ki, hər tərəfi gəzib dolaşsınlar. Axav ayrıca, bir yolla, Avdiya isə ayrıca, başqa bir yolla getdi.
7 Avdiya yolda ikən İlyas ona rast gəldi. O, İlyası tanıdı və üzüstə yerə döşənib dedi: «Ağam İlyas, bu sənsənmi?» 8 İlyas dedi: «Mənəm. Get, ağana de ki, İlyas buradadır». 9 O dedi: «Nə günah etmişəm ki, mən qulunu öldürmək üçün Axavın əlinə verirsən? 10 Allahın var olan Rəbbə and olsun ki, ağamız səni axtarmağa adam göndərmədiyi bir millət, bir padşahlıq qalmadı. Onlar “o burada yoxdur” dedikləri vaxt həmin padşahlığa və millətə səni tapmadıqlarına and içdirdi. 11 Amma indi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. 12 Sənin yanından getdiyim vaxt Rəbbin Ruhu səni bilmədiyim bir yerə aparacaq. Mən də gedib Axava bildirəndə o səni tapmayacaq və məni öldürəcək. Ancaq bu qulun cavanlığından bəri Rəbdən qorxur. 13 İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman mənim etdiyim iş ağama bildirilmədimi? Mən onda Rəbbin peyğəmbərlərindən yüz nəfəri əlli-əlli olaraq mağaralarda gizlətdim, onları çörək və su ilə təmin etdim. 14 İndi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. Axı o məni öldürər». 15 İlyas dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, bu gün hökmən ona görünəcəyəm».
İlyas Karmel dağında
16 Avdiya Axavın yanına getdi və ona hər şeyi danışdı. Axav da İlyası qarşılamağa getdi. 17 Axav İlyası görəndə ona dedi: «Ey İsraili dərdə salan adam, bu sənsənmi?» 18 O cavab verdi: «İsraili mən yox, sən və atanın evi dərdə saldınız. Siz Rəbbin əmrlərindən dönüb Baal bütlərinə xidmət etdiniz. 19 İndi bütün İsrailliləri, İzevelin süfrəsində yemək yeyən dörd yüz əlli Baal peyğəmbərini və dörd yüz Aşera peyğəmbərini Karmel dağına, yanıma çağırtdır».
20 Axav bütün İsrail övladlarını və peyğəmbərləri Karmel dağına çağırtdırdı. 21 İlyas bütün xalqın yanına gəlib dedi: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Rəbb Allahdırsa, Ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin». Xalq onun sözünə cavab vermədi. 22 Onda İlyas xalqa dedi: «Rəbbin peyğəmbərlərindən təkcə mən qaldım, amma Baalın peyğəmbərləri dörd yüz əlli nəfərdir. 23 İndi qoy bizə iki buğa verilsin: onlar özləri üçün bir buğa seçsinlər, onu doğrayıb odunların üstünə qoysunlar, ancaq od vurmasınlar. Mən isə başqa buğanı hazırlayıb onu odunların üstünə qoyacağam, ancaq od vurmayacağam. 24 Siz öz allahınızın adını çağırın, mən də Rəbbin adını çağıracağam; hansı odla cavab verərsə, Allah odur». Bütün xalq cavab verib «qoy belə olsun» dedi.
25 İlyas Baal peyğəmbərlərinə dedi: «Bir buğanı özünüz üçün seçin və məndən əvvəl onu hazırlayın, çünki siz çoxsunuz. Siz öz allahınızın adını çağırın, ancaq od vurmayın». 26 Onlar özlərinə verilən buğanı götürüb hazırladılar və səhərdən günortaya qədər «Ey Baal, bizə cavab ver!» deyə Baalın adını çağırdılar, ancaq heç səs-soraq çıxmadı. Onlar düzəltdikləri qurbangahın ətrafında gəzərək atılıb-düşdülər. 27 Günorta olanda İlyas onları lağa qoyub dedi: «Onu uca səslə çağırın. O ki allahdır, bəlkə fikrə gedib yaxud bayıra çıxıb ya da səfərdədir? Bəlkə də yatıb, oyatmaq lazımdır?» 28 Onlar uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar. 29 Günorta keçincə, axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər, ancaq nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi.
30 İlyas bütün xalqa dedi: «Mənim yanıma gəlin». Bütün xalq onun yanına gəldi. O, Rəbbin dağıdılmış qurbangahını bərpa etdi. 31 *Yar. 32:28; 35:10 İlyas Yaqub oğulları qəbilələrinin sayına görə on iki daş götürdü, çünki Yaquba «sənin adın İsrail olacaq» deyə Rəbbin sözü nazil olmuşdu. 32 İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O, qurbangahın ətrafında iki sea toxum tutacaq qədər bir xəndək düzəltdi. 33 Odunları düzdü, buğanı doğrayıb odunların üzərinə qoydu və 34 dedi: «Dörd səhəng su gətirin, onu yandırma qurbanının və odunların üstünə tökün». Sonra o dedi: «İkinci dəfə edin». Onlar ikinci dəfə etdilər. O dedi: «Üçüncü dəfə edin». Onlar üçüncü dəfə etdilər. 35 Su qurbangahın ətrafına axdı və xəndək də su ilə doldu.
36 Axşam qurbanı təqdim edilən vaxt peyğəmbər İlyas qabağa çıxıb dedi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim. 37 Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən».
38 O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb-yaxdı və xəndəkdə olan suyu uddu. 39 Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: «Rəbb Allahdır! Rəbb Allahdır!» 40 İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın». Onları tutdular. İlyas onları Qişon vadisinə endirib orada öldürdü.
Quraqlığın sonu
41 İlyas Axava dedi: «Get, yeyib-iç, çünki güclü yağış səsi gəlir». 42 *Yaq. 5:18 Axav yeyib-içməyə getdi. İlyas Karmel dağının təpəsinə çıxdı, yerə əyilib üzünü dizləri arasına qoydu. 43 Öz nökərinə dedi: «İndi qalx və dəniz tərəfə diqqətlə bax». Nökər qalxdı və diqqətlə baxıb «bir şey yoxdur» dedi. İlyas yeddi dəfə ona «yenə get» dedi. 44 Yeddinci dəfə gedəndə nökər dedi: «Budur, dənizdən insan ovcu boyda kiçik bir bulud çıxır». İlyas dedi: «Gedib Axava söylə: “Arabanı qoşub aşağı en ki, yağış səni ləngitməsin”». 45 Bu vaxt göylər qalın buludlarla qaraldı, külək əsdi və güclü yağış yağmağa başladı. Axav arabaya minib İzreelə getdi. 46 İlyasa Rəbbin gücü gəldi və o, belini qurşayıb Axavın önündə İzreelin girəcəyinə qədər qaçdı.