32
Yaqubun Esavla görüşə hazırlaşması
Yaqub yoluna davam etdi. Allahın mələkləri ona rast gəldi. Yaqub onları görəndə dedi: «Bu, Allahın ordugahıdır». O yerin adını Maxanayim *Maxanayim – ibrani dilində iki ordugah. qoydu.
Yaqub özündən qabaq Edom çölünə, Seir torpağına, qardaşı Esavın yanına qasidlər göndərdi. Onlara bu əmri verdi: «Ağam Esava söyləyin ki, qulun Yaqub belə deyir: “Mən Lavanın yanında qalıb indiyə qədər yaşadım”. Mal-qaram, eşşəklərim, qoyun-keçim, qullarım və qarabaşlarım oldu. Mən ağama xəbər vermək üçün yanına qasidlər göndərdim ki, sənin gözündə lütf tapım».
Qasidlər Yaqubun yanına qayıdıb dedilər: «Qardaşın Esavın yanına getdik. Özü də səni qarşılamaq üçün gəlir və yanında dörd yüz nəfər var». Yaqub çox qorxub həyəcanlandı. Yanında olan adamları, qoyun-keçini, mal-qaranı və dəvələri iki dəstəyə ayırıb dedi: «Əgər Esav bir dəstəyə hücum edib onları qırsa, arxada qalan dəstə qaça bilsin».
Sonra Yaqub dedi: «Ey babam İbrahimin Allahı, atam İshaqın Allahı Rəbb, Sən mənə demişdin: “Öz ölkənə və qohumlarının yanına qayıt. Mən sənə yaxşılıq edəcəyəm”. 10 Quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə köçüm var. 11 Yalvarıram, məni qardaşım Esavın əlindən qurtar. Çünki onun gəlib məni, uşaqlarımla analarını öldürməsindən qorxuram. 12 *Yar. 22:17 Sən dedin: “Hökmən sənə yaxşılıq edəcəyəm, nəslini saysız-hesabsız dəniz qumu qədər çoxaldacağam”».
13 Yaqub o gecəni orada keçirtdi. Özündə olan hər şeydən qardaşı Esava hədiyyə olaraq 14 iki yüz keçi, iyirmi təkə, iki yüz qoyun, iyirmi qoç, 15 balaları ilə birgə otuz sağmal dəvə, qırx inək, on buğa, iyirmi dişi və on erkək eşşək götürdü. 16 Sürüləri ayrı-ayrı qullarına tapşırdı və onlara dedi: «Mənim qabağımda gedin və bir sürü ilə o biri sürü arasında məsafə saxlayın». 17 Yaqub birinci qula əmr edib dedi: «Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu heyvanlar kimindir?” deyə soruşanda 18 ona söylə: “Bunlar qulun Yaqubundur, bu da ağam Esava göndərilmiş hədiyyələrdir. Özü də bizim dalımızca gəlir”». 19 Sonra o, ikinci, üçüncü quluna və sürülərin dalınca gedən hər kəsə əmr edib dedi: 20 «Esava rast gələndə ona eyni sözləri söyləyin: “Qulun Yaqub da dalımızca gəlir”». Çünki o öz-özünə deyirdi: «Əvvəlcə qabağımda göndərdiyim hədiyyələrlə onu rəhmə gətirərəm, sonra onunla görüşərəm. Bəlkə onda məni qəbul edər». 21 Hədiyyələr Yaqubun qabağında getdi, o isə gecəni düşərgədə yatdı.
Yaqubun Allahla rastlaşması
22 Yaqub gecə qalxıb iki arvadını, iki cariyəsini və on bir uşağını götürərək Yabboq çayının keçidindən keçdi. 23 Onları götürüb çayı keçirtdi və özünə məxsus şeyləri də keçirtdi. 24 Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi. 25 Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynağına zərbə vurdu. O Şəxslə güləşərkən Yaqubun budunda oynağı zədələndi. 26 O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram». 27 O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub». 28 *Yar. 35:10 *Huşə 12:4 O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail İsrail – ibrani dilində Allahla güləşən. deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən». 29 Yaqub soruşdu: «Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba xeyir-dua verdi. 30 Yaqub o yerin adını Peniel Peniel – ibrani dilində Allahın üzü. qoydu, çünki demişdi: «Allahı üz-üzə gördüm və salamat qaldım». 31 Yaqub Penieldən keçəndə günəş doğdu. O, bir budundan axsayırdı. 32 Ona görə bu günə qədər də İsraillilər bud oynağının üzərindəki vətərləri yeməzlər. Çünki güləşən Şəxs Yaqubun bud oynağının vətərinə toxunmuşdu.

*32:2 Maxanayim – ibrani dilində iki ordugah.

*32:12 Yar. 22:17

*32:28 Yar. 35:10

*32:28 Huşə 12:4

32:28 İsrail – ibrani dilində Allahla güləşən.

32:30 Peniel – ibrani dilində Allahın üzü.